Azərbaycan Mərkəzi Bankının sədri bank rəhbərləri ilə görüşüb

Azərbaycan Mərkəzi Bankının sədri bank rəhbərləri ilə görüşüb Mərkəzi Bank bildirir ki, kredit faizlərinin azaldılması istiqamətində banklarla birgə iş davam etdiriləcək
Maliyyə
10 İyul , 2015 17:07
Azərbaycan Mərkəzi Bankının sədri bank rəhbərləri ilə görüşüb

Bakı. 10 iyul. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov ölkədə fəaliyyət göstərən kommersiya banklarının rəhbərləri ilə görüş keçirib. Görüşdə bank sektorunun bir sıra aktual məsələləri, o cümlədən maliyyə xidmətlərinə çıxış, faiz dərəcələri və məsuliyyətli kreditləşmə ətraflı müzakirə olunub.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, görüşdə kredit faizləri və onunla əlaqəli digər xidmət haqlarının azaldılması templərinin qaneedici olmadığı bildirilib.

AMB bankların kreditləşdirmə, xüsusilə fiziki şəxslərin kreditləşdirilməsi ilə əlaqədar sosial məsuliyyətin gücləndirilməsi, kredit siyasətlərinin ölkənin iqtisadi inkişaf prioritetlərini və hədəflərini nəzərə almasının daim diqqətlərinə çatdırılmasına baxmayaraq, kredit faizləri və onunla əlaqəli digər xidmət haqlarının azaldılması templərinin qaneedici olmaması ilə bağlı mövqeyini banklara bildirib, hər istiqamət üzrə konkret tapşırıqlarını verib. Bildirilib ki, banklar qeyd olunan istiqamətlərdə bütün imkanlardan və resurslardan istifadə etməlidir. O cümlədən, istehlak kreditləşməsi zamanı komissiya haqlarının 1%-lə məhdudlaşmasının kreditlər üzrə real effektiv faiz dərəcəsini əhəmiyyətli azaldacağı diqqətə çatdırılıb.

Banklar bu mövqe və tapşırıqları anlaşıqlı qarşılayıb, konstruktiv mövqe nümayiş etdiriblər. Bu istiqamətdə verilən tapşırıqlar da nəzərə alınmaqla banklar kompleks işlərin görüləcəyini qeyd ediblər.

Görüşdə bankların resurslarının dəyərinin ucuzlaşdırılması, risklərin azaldılması, xərclərin optimallaşdırılması və onların faiz dərəcələrinə təsiri kimi məsələlər təhlil edilib. Bu istiqamətdə Mərkəzi Bank tərəfindən görülmüş işlər, o cümlədən planlaşdırılan əlavə tədbirlər barədə banklar məlumatlandırılıb.

Mərkəzi Bank bildirir ki, kredit faizlərinin azaldılması istiqamətində banklarla birgə iş davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi