Azərbaycan ​Mərkəzi Bankında geniş iclas keçirilib

Azərbaycan ​Mərkəzi Bankında geniş iclas keçirilib Mərkəzi Bankın dəyişkən iqtisadi mühitdə bankların risklərə qarşı dayanıqlığının yüksəldilməsi istiqamətində səylərini artıracağı qeyd edilib
Maliyyə
30 Yanvar , 2016 14:44
Azərbaycan ​Mərkəzi Bankında geniş iclas keçirilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin 2015-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.

AMB-nin sədri Elman Rüstəmov deyib ki, ötən il ÜDM, o cümlədən qeyri-neft sektoru 1,1% artıb: "ÜDM-in 69,3%-i qeyri-neft sektorunun payına düşüb. İqtisadi artımda daxili tələb, o cümlədən istehlak tələbi və investisiya qoyuluşları mühüm rol oynayıb. 2015-ci ildə orta ilik inflyasiya 4%, o cümlədən ərzaq qiymətlərinin artımı 6,1% olub. Nominal effektiv məzənnə, inflyasiya gözləntiləri və ticarət tərəfdaşlarında yüksək inflyasiya qiymətlərə artırıcı, pul təklifi və qlobal əmtəə qiymətlərinin dəyişimi isə azaldıcı təsir göstərib".

E.Rüstəmovun sözlərinə görə, 2015-ci ildə Azərbaycanın xarici iqtisadi mövqeyi dünya əmtəə bazarındakı konyunktur və ticarət tərəfdaşlarındakı vəziyyətin təsiri altında formalaşıb: "Ötən ilin 9 ayında tədiyə balansının cari hesabında 241 mln. ABŞ dolları həcmində profisitin ötən ilin eyni dövrünə nəzərən azalması əsasən neftin ucuzlaşması ilə izah olunur. Mərkəzi Bank da ölkədə iqtisadi inkişaf strategiyasının reallaşmasında fəal iştirak edərək iqtisadi tsiklə adekvat olaraq pul siyasətinin stabilləşdirici və təşviqedici imkanlarından istifadə etməklə öz siyasətini makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəldib. 2015-ci ildə dünya bazarında neft qiymətlərinin kəskin ucuzlaşması, əsas ticarət tərəfdaşları ölkələrində devalvasiya dalğalarının formalaşdırdığı psixoloji gərginlik şəraitində daxili valyuta bazarında manatın məzənnəsinə təzyiqlər artıb. Bu təzyiqləri nəzərə alaraq ötən ilin fevralında manatın devalvasiyası həyata keçirilib. Qısa müddət ərzində vəziyyət qismən sabitləşsə də iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən artırıb. Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bank “üzən məzənnə" rejiminə keçid barədə qərar qəbul etmişdir. Yeni məzənnə rejiminə keçid taktiki olaraq makroiqtisadi manevr xarakteri daşımış, strateji olaraq isə milli iqtisadiyyatın şaxələndirilməsi strategiyasının dəstəklənməsinə yönəlib".

AMB sədri deyib ki, bank sektorunda risklərin artması maliyyə sabitliyinin qorunması vəzifəsini daha da kəskinləşdirib: "Mərkəzi Bank bank sektorunun restrukturizasiya prosesinə başlayıb, sektorun maliyyə dayanıqlığının gücləndirilməsi və risklərin idarə edilməsi tədbirlərini daha da artırıb. Bank nəzarəti və prudensial tənzimləmə üzrə proaktiv yanaşma nümayiş etdirməklə sektorda əlavə risklərin akkumulyasiyasına yol verilmədən, requlyativ çərçivə yeni situasiyaya adoptasiya edilmiş, banklara dair tələblər üzrə kontr-tsiklik rejim tətbiq edilib. Məzənnə korreksiyasının borcalanların borc yükünə təsirinin minimallaşdırılması, eləcə də bank sektorunun kredit portfelinin keyfiyyətinin qorunması məqsədilə borcalanların maliyyə yükünün azaldılmasına yönəldilmış kompleks tədbirlər görülüb. Bu istiqamətdə Mərkəzi Bank tərəfindən prudensial tələblər yumşaldılıb, kreditlərin aktiv restrukturizasiyası üzrə bankların imkanları artırılıb. Eyni zamanda bank sektorunda maliyyə dayanıqlığının qorunması və kreditləşmənin dəstəklənməsi ilə bağlı kapital tələbləri optimallaşdırılıb".

E.Rüstəmov deyib ki, bankların aktivləri 35 mlrd. manat, iqtisadiyyata kredit qoyuluşlarının həcmi 21 mlrd. manat təşkil edib ki, bunun da 75%-i biznes kreditlərinin payına düşür: "Ödəniş sistemlərinin sabit və təhlükəsiz fəaliyyətinin təmin edilməsi və inkişafı Mərkəzi Bankın mühüm fəaliyyət istiqamətlərindən biri olmuşdur. Milli Ödəniş Sistemi (MÖS) ilə 2015-ci ildə həyata keçirilən ödənişlərin sayı 13%-dən çox artıb, ödənişlərin həcmi isə ÜDM-in 2,4 mislini təşkil edib".

Bu il Mərkəzi Bankın dəyişkən iqtisadi mühitdə bankların risklərə qarşı dayanıqlığının yüksəldilməsi istiqamətində səylərini artıracağı qeyd edilib.

Son xəbərlər

Orphus sistemi