Azərbaycan Mərkəzi Bankı likvidlik əməliyyatları üzrə faiz dəhlizini daraldıb - YENİLƏNİB

Azərbaycan Mərkəzi Bankı likvidlik əməliyyatları üzrə faiz dəhlizini daraldıb - YENİLƏNİB Uçot dərəcəsi isə dəyişməz saxlanıb
Maliyyə
3 May , 2016 16:42
Azərbaycan Mərkəzi Bankı likvidlik əməliyyatları üzrə faiz dəhlizini daraldıb - YENİLƏNİB

İlk xəbər saat 17:32-də verilib

Bakı. 3 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti bu gündən uçot dərəcəsini 7% səviyyəsində dəyişməz saxlamaqla likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddini 2%-dən 4%-ə qaldırmaq, yuxarı həddini isə 17%-dən 15%-ə endirmək barədə qərar qəbul edib.

"Report" bu barədə Mərkəzi Banka istinadən xəbər verir. 

Xatırladaq ki, Mərkəzi Bank tərəfindən faiz dəhlizinin aşağı və yuxarı hədləri səviyyəsində olan faiz dərəcələri ilə 1 gündən 7 günədək olan müddətə likvidliyin verilməsi və cəlb olunması əməliyyatları həyata keçirilir. Banklar qısamüddətli likvidliyin idarə olunması məqsədilə Mərkəzi Bankın çərçivə aləti olan 1-7 günlük repo/əks-repo əməliyyatlarından öz təşəbbüsləri ilə məhdudiyyətsiz olaraq istifadə edə bilərlər.

***

Məlumatda bildirilir ki, pul siyasətinin başlıca məqsədi olan qiymət sabitliyini təmin etmək üçün çevik monetar əməliyyatların aparılması istiqamətində zəruri işlər görülür: "Milli iqtisadiyyatda və işgüzar fəallıqda müşahidə edilən son meyillər, məcmu tələbin həcmi və strukturunda baş verən son dəyişikliklər nəticəsində inflyasiyanın formalaşmış faktiki səviyyəsi və inflyasiyaya təsir edən əsas tsiklik və struktur amillərin davranışı, habelə inflyasiya gözləntilərinin sabitləşməsi faiz dəhlizinin yuxarı həddinin aşağı endirilməsini şərtləndirir. Eyni zamanda, son dövrlər dövlət qiymətli kağızları üzrə gəlirlikdə, habelə banklararası pul bazarında faiz dərəcəsində müşahidə edilən meyillər də buna əsas verir".

Digər tərəfdən, AMB makroiqtisadi və maliyyə sabitləşdirilməsi siyasəti çərçivəsində müvafiq iqtisadi qurumlarla birgə razılaşdırılmış pul proqramına uyğun olaraq pul kütləsinin nəzərdə tutulan artım templərinə nail olmaq üçün müvafiq həcmdə likvidliyin sterilizasiyası əməliyyatlarının da aparılmasını planlaşdırır. Bu isə faiz dəhlizinin aşağı həddinin qaldırılmasını zəruri edir. Faiz dəhlizinin aşağı həddinin qaldırılması ilə sterilizasiya əməliyyatlarının aparılması milli valyutada yığımların cəlbediciliyini yüksəltməklə manata olan inamın artması və valyuta bazarında tarazlığın dəstəklənməsi baxımından da əhəmiyyətlidir.

Son xəbərlər

Orphus sistemi