Bakı. 2 oktyabr. REPORT.AZ/ Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə 2016-cı ildən başlanılacaq. Artıq bunun üçün tələb olunan qanunvericilik bazası formalaşıb və gələn ildən praktiki işlər həyata keçiriləcək.
"Report"un verdiyi xəbərə görə, bunu maliyyə naziri Samir Şərifov 2016-cı ilin dövlət büdcəsi layihəsi ilə bağlı Milli Məclis komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.
Nazir, həmçinin Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə bağlı sualları da cavablandıraraq qeyd edib ki, keçmiş rəhbərlik zamanı bankda böyük səhvlərə yol verilib. Ona görə də rəhbərlikdə işləyənlər işdən uzaqlaşdırılıb, hazırda hüquq-mühafizə orqanları tərəfindən yoxlamalar aparılır: "Belə ki, dəfələrlə qeyd olunduğu kimi, kreditlər üçün girov təminatı alınmayıb, Mərkəzi Bankın normativ tələblərinin pozulması kimi nöqsanlar ortaya çıxıb".
"ABB ölkənin ən iri bankıdır, burada əhalinin böyük həcmdə əmanətləri var, əmanətçilərin maraqlarını qorumaq məqsədilə dövlət başçısının fərmanı ilə müəyyən sağlamlaşdırma tədbirləri ilə bankın özəlləşdirməyə hazırlanması istiqamətində işlər görülür. Hazırda bankda pis aktivlərin digər quruma ötürülməsi həyata keçirilir", - S.Şərifov əlavə edib.