Azərbaycan Dövlət Neft Fondunun Avstraliya dollarına investisiyaları da dəyərdən düşür

Azərbaycan Dövlət Neft Fondunun Avstraliya dollarına investisiyaları da dəyərdən düşür Fondun təkcə bu valyutaya yatırdığı investisiyalar indiyədək 65 mln. dollar və ya 32% dəyərdən düşüb
Maliyyə
2 Sentyabr , 2015 16:48
Azərbaycan Dövlət Neft Fondunun Avstraliya dollarına investisiyaları da dəyərdən düşür

Bakı. 2 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Avstraliya dollarına yatırdığı investisiyalar indiyədək 65,148 mln. ABŞ dolları həcmində və ya 31,7% dəyərdən düşüb.

"Report"un verdiyi xəbərə görə, 2015-ci ilin əvvəli ilə müqayisədə bu investisiyalar 14,18% və ya 23,174 mln. dollar, təkcə avqust ayında isə 3,96% və yaxud 5,782 mln. dollar məbləğində dəyərsizləşib.

Qeyd edək ki, valyuta ehtiyatlarının diversifikasiyası məqsədilə ARDNF 2012-ci ilin iyul ayında 200 mln. Avstraliya dolları alaraq Avstraliyanın dövlət istiqrazlarına investisiya yatırıb. Həmin il iyulun 4-nə 1 Avstraliya dollarının məzənnəsi 1,02688 ABŞ dollarına bərabər olub. Cari ilin yanvarın 1-də bu göstərici 1 AUD = 0,81701 USD, 1 sentyabr tarixinə isə 0,70114 USD təşkil edib.

Xatırladaq ki, sentyabrın 1-də Avstraliya dolları USD dollarına qarşı ucuzlaşaraq 6 illik minimuma düşüb. Belə ki, ən aşağı səviyyə 2008-ci ildə (0,63496 USD) qeydə alınıb. 

Bildirək ki, ARDNF-in hesabatına əsasən, Fondun aktivləri 2012-ci il iyulun 1-nə 32,666 mlrd. ABŞ dolları, cari ilin yanvarın 1-nə 37,104 mlrd. dollar, iyulun 1-nə isə 35,783 mlrd. dollar olub.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “ARDNF-in valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsı haqqında qaydalar”ına əsasən, ARDNF-in investisiya portfelinin vəsaiti G7 (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələr, Rusiya və Türkiyə, həmçinin uzunmüddətli öhdəliklər üzrə “A” ("S&P", "Fitch") və ya “A2”dən ("Moody's") aşağı olmayan reytinqə malik ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər.

Neft Fondunun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilib. Fondun investisiya portfelinin məcmu dəyərinin 50%-i ABŞ dolları, 35%-i avro, 5%-i funt sterlinq, qalan 10%-i isə həmin fərmanla təsdiq edilmiş valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.

Cari il iyulun 1-nə ARDNF-in investisiya portfelinin ümumi həcmi 35 726,2 mln. dollar təşkil edib. Bunun 50,1%-i dollar, 34%-i avro, 5,1%-i funt sterlinq, 1,4%-i Çin yuanı, 1,1%-i Türkiyə lirəsi, 0,6%-i Avstraliya dolları, 1,8%-i Rusiya rublu, 1,2%-i Koreya vonu, 1,5%-i digər valyutalarda cəmlənib. Portfelin 3,2%-i və ya 1,4 mln. dolları isə qızıla yatırılıb.

Son xəbərlər

Orphus sistemi