Azərbaycan Dövlət ​Neft Fondunun aktivləri azalıb

Azərbaycan Dövlət ​Neft Fondunun aktivləri azalıb Fondun aktivləri son rübdə 3%, illik müqayisədə isə 7% azalıb
Maliyyə
27 Oktyabr , 2015 12:23
Azərbaycan Dövlət ​Neft Fondunun aktivləri azalıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2015-ci ilin III rübündə 1 045,2 mln. ABŞ dolları və ya 2,9% azalıb. "Report"un analitik qrupu ARDNF-nin hesabatına istinadən xəbər verir ki, ilin əvvəli ilə müqayisədə azalma 2 367,6 mln. dollar və ya 6,4%, 2014-cü ilin analoji dövrü ilə müqayisədə isə 2 567,2 mlrd. dollar və ya 6,9% olub.

Bu ilin III rübündə Fondun dollarda olan aktivlərinin məcmu aktivlərdə xüsusi çəkisi 50,1%-dən 47,8%-ə, yəni 17 889,1 mln.-dan 16 544,6 mln.-a enib. Nəticədə, azalma 1 344,5 mln. dollar və ya 7,5% təşkil edib.

Pul bazarı alətlərinin ümumi portfeldə xüsusi çəkisi 1,7%-ə enib. İlk yarımildə isə bu göstərici 4,3% təşkil edib. Pul bazarı alətlərinə pay fondları, o cümlədən alternativ investisiya fondlarının payları aid edilir. Rəqəmlərlə ifadə etsək, ilk yarımildə pul bazarı alətləri 1 538,7 mln. dollar təşkil edirdisə, 9 ayın yekununda bu rəqəm 948,2 mlrn. dollar azalıb və 590,5 mlrn. dollara düşüb.

"Hesabat rübündə Dövlət Neft Fondunun aktivlərinə Yaponiya yeni əlavə edilib. Bildiyimiz kimi, Fond sentyabr ayında 52,3 mlrd. yenə (həmin dövrün məzənnəsi ilə - 435 mln.dollar) "Mitsubishi UFJ Trust and Banking Corporation" ilə birlikdə Tokioda "Kirarito Ginza" ticarət obyektini satın alıb. Bundan əlavə, Fond 11,65 mlrd. yen alaraq investisiya portfelini bir qədər də diversifikasiya edib. Qeyd edək ki, ticarət obyekti dollar, rubl və digər valyutalardakı aktivlər hesabına alınıb", - deyə "Report"un analitikləri bildirib.

Təhlil olunan rüb ərzində avroda olan investisiyalar 160 mln. və ya 1,5% artaraq 11 026,6 mln. avroya çatıb və məcmu aktivlərdə xüsusi çəkisi 34%-dən 35,9%-ə yüksəlib.

Bununla yanaşı, Rusiya rublu üzrə ciddi azalma müşahidə edilib. Belə ki, ilk yarımildə 36 215,7 mln. rubl olan aktivlər 9 ayın yekununda 31 852,6 mln. rubla enib. Azalma 4 363,1 mln. rubl (70,4 mln. dollar) və ya 12% təşkil edib.

Fondun qızılda olan aktivləri isə III rüb ərzində 42,6 mln. dollar və ya 3,7% azalıb. Qızılın ehtiyatlarının çəkisi isə dəyişməyib və 970 146 unsiya (30,17 ton) təşkil edib.

İngilis versiyası Assets of SOFAZ decreased

Son xəbərlər

Orphus sistemi