​Azərbaycan Beynəlxalq Bankının bazar dəyəri sürətlə azalır

​Azərbaycan Beynəlxalq Bankının bazar dəyəri sürətlə azalır Nominal dəyəri 27 qəpik olan Bankın səhmləri faktiki olaraq potensial investorlara 7 qəpiyə təklif edilir
Maliyyə
3 İyun , 2016 11:09
​Azərbaycan Beynəlxalq Bankının bazar dəyəri sürətlə azalır

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) səhmlərinin bazar dəyəri təkcə may ayında 30% aşağı düşüb. Bu barədə "Report"a səhmlərin alqı-satqısı ilə bağlı vasitəçilik xidməti göstərən "Kapital Menecment" investisiya şirkəti Müşahidə Şurasının üzvü Cəfər İbrahimli məlumat verib.

Onun sözlərinə görə, hazırda fond bazarında Bankın nominal dəyəri 27 qəpik olan səhmləri 7 qəpiyə (74% ucuz) təklif olunur. Halbuki, 1 ay bundan əvvəl qiymət 10 qəpik olub: "Beynəlxalq Bankın səhmlərinə maraq getdikcə azalır, çünki bank illərdir ki, səhmdarlarına dividend ödəmir. Bankdakı payını satmaq istəyənlərin sayı da sürətlə artır, son nəticədə səhmlər ucuzlaşır. Baxmayaraq ki, bu gün bu səhmlər bazara 7 qəpiyə təklif olunur, onları almaq istəyənlər simvolik məbləğ - 1 qəpik ödəmək istəyirlər".

C.İbrahimlinin fikrincə, ABB-nin 2015-ci ili 823,61 mln. manat zərərlə başa vurması onun səhmlərini bir qədər də ucuzlaşdıracaq: "Beynəlxalq Bank sağlamlaşdırılmışdır, rəhbərlik də dəyişib, çoxları gözləyirdi ki, artıq mənfəətlə işləməyə başlayacaq. Ötən il gəlirləri az olmayıb, amma bunun böyük hissəsi ehtiyatların yaradılmasına yönəldilib. Deməli, hələ də onun kredit portfeli problemlidir. Bank bunun səbəbləri ilə bağlı açıqlama da vermir. Bəlkə də zərərlə işləməsinin obyektiv səbəbi olsaydı, səhmdarlar səbr edərdi, amma bu cür qeyri-müəyyənlik son nəticədə səhmlərdən kütləvi imtina ilə nəticələnir".

ABB səhmdarlarına sonuncu dəfə 2012-ci ildəki fəaliyyətinin yekunlarına əsasən dividend ödəyib. Həmin il hər səhm öz sahibinə nominal dəyərinin 4%-i qədər (təxminən 1 qəpik) gəlir gətirmişdir. Bu isə səhmlərin bazar dəyərini 1,7-1,8 manata qaldırmışdır. Son 3 ildə Bank zərərlə işlədiyini bəyan edib və səhmdarlarına divident ödəməyib.

Xatırladaq ki, ABB-nin nizamnamə kapitalı 641,287 mln. manatdır. Bankın səhmlərinin 54,96%-i dövlətə (Maliyyə Nazirliyi), 8,49%-i qeyri-dövlət müəssisələrinə, 36,55%-i isə fiziki şəxslərə məxsusdur.

Son xəbərlər

Orphus sistemi