​AYİB "DəmirBank"a 42 mln. dollar verdi

​AYİB "DəmirBank"a 42 mln. dollar verdi Bu vəsaitin 13 milyon ABŞ dolları AYİB tərəfindən ayrılıb, 29 milyon ABŞ dolları isə digər Banklardan sindikatlaşdırılıb
Maliyyə
1 Sentyabr , 2014 17:59
​AYİB DəmirBanka 42 mln. dollar verdi

Bakı. 1 sentyabr. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) özəl sektorun inkişafına dəstək vermək məqsədilə Azərbaycanın aparıcı özəl banklarından olan "DəmirBank"-a 42 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit təşkil edib.

“DəmirBank”ın Mərkəzi ofisindən “Report”a verilən məlumata görə bu vəsaitin 13 milyon ABŞ dolları AYİB tərəfindən ayrılıb, 29 milyon ABŞ dolları isə digər Banklardan sindikatlaşdırılıb.

Bank rəsmiləri hesab edir ki, ayırlmış vəsait "DəmirBank"ın orta və kiçik sahibkarlarlığın maliyyələşdirilməsi imkanlarını daha da genişləndirəcək. Sindikatlaşdırılmış vəsaitlərin bir hissəsi üzrə müddət 5 il müəyyən olunub ki, bu özəl Azərbaycan bankına bu günədək ayrılmış ən uzun müddətli investisiyadır.

AYİB-in Bakı ofisinin rəhbəri Nil MakKeyn "DəmirBank"a ayrılan iki böyük həcmli kreditlə birlikdə AYİB-in bu il ərzində Azərbaycana yatırdığı sərmayələrin ümumi həcminin 255 milyon ABŞ dollarına çatdığını açıqlayıb. Onun sözlərinə görə bu məbləğ 2013-cü il ərzində yatırılan toplam sərmayələrin həcmindən daha çoxdur.

"DəmirBank"dan isə bildirilib ki, sindikatlaşdırılmış kredit əldə etmək imkanı "DəmirBank"ın maliyyə mənbələrinin genişləndirilməsinə çox böyük kömək edir və KOM-ları uzunmüddətli və ucuz maliyyələşmə imkanı ilə təmin edir və bütün bunlar "DəmirBank"-a tərəfdaşlarının etimadının daha da artmasına öz töhfəsini verir.

Xatırladaq ki, ölkənin ilk kommersiya banklarından olan "DəmirBank" 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. "DəmirBank" Fitch Ratings agentliyinin “stabil” proqnozlu “B” və Planet Rating agentliyinin “pozitiv” proqnozlu “B” reytinqlərinə malikdir.

Son xəbərlər

Orphus sistemi