Bakı. 30 mart. REPORT.AZ/ “AtaBank” ASC təcili pulköçürmə xidmətlərinin çeşidini genişləndirərək daha bir beynəlxalq sistemə qoşulub. Bu gündən etibarən, Bankın müştəriləri “Xəzri” sistemi üzrə pul köçürmələrini həyata keçirə bilərlər.
"Report"un Banka istinadən verdiyi xəbərə görə, “AtaBank” Azərbaycanda "Xəzri" sisteminə qoşulan ilk bankdır.
"Xəzri" beynəlxalq sürətli pulköçürmə sistemi "Kapital Bank" tərəfindən 2007-ci ildə yaradılıb. Bu sistem Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və Tacikistanda ümumilikdə 3 500-dən artıq xidmət məntəqəsində tətbiq olunur.
Pulköçürmə xidmətlərini "AtaBank"ın 26 filial və şöbəsində həyata keçirmək mümkündür.
“AtaBank”ın filiallarında pul köçürənə və ya alana 1 manatdan 5 manatədək mobil danışıq dəqiqələri hədiyyə olunur.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən “AtaBank” ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.