"Alfa Sığorta"nın lisenziyası ləğv oluna bilər

"Alfa Sığorta"nın lisenziyası ləğv oluna bilər Şirkəti almaq istəyən potensial investor olmadığına görə, onun bağlanması mümkündür
Maliyyə
22 Avqust , 2016 12:43
Alfa Sığortanın lisenziyası ləğv oluna bilər

Bakı. 22 avqust. REPORT.AZ/ "Alfa Sığorta" ASC-yə müştərilərdən sığorta haqqının toplanmasını dayandırmaq barədə göstəriş verilib. Bu barədə "Report"a Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADİF) icraçı direktoru Azad Cavadov məlumat verib.

Xatırladaq ki, "Alfa Sığorta"nın 100% səhmdarı hazırda ləğvetmə prosesində olan "Texnikabank" ASC-dir. Bankın ləğvedicisi ADİF olduğundan sığorta şirkəti də bu qurumun nəzarətinə keçib.

A.Cavadovun sözlərinə görə, hazırda "Alfa Sığorta" yalnız öhdəliklərini yerinə yetirməklə məşğuldur: "Bu şirkətin səhmdarı müflis olduğu üçün, biz "Alfa Sığorta"nın satıb "Texnikabank"ın öhdəliklərini yerinə yetirməli idik. Şirkətin satışa hazırlanması ilə əlaqədar onun aktiv əməliyyatlar aparmasına moratorium tətbiq etdik. Yəni, məqsəd o idi ki, hələlik üzərinə öhdəliklər götürməsin. Amma "Alfa Sığorta"nı almaq istəyən yoxdur. Şirkət isə uzun müddət bizim nəzarətimizdə fəaliyyət göstərə bilməz. Ona müştəri çıxmırsa, ikinci variant - lisenziyasının ləğv edilməsidir. Buna da Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) qərar veməlidir. Hazırda bu qərarı gözləyirik. Lisenziya ləğv edilsə, "Alfa Sığorta"nın aktivlərini satışa çıxaracağıq".

"Texnikabank"ın 100% təsisçisi olduğu "Kapital Menecment İnvestisiya Şirkəti" ASC isə fəaliyyətini adi qaydada davam etdirir. A.Cavadov bildirib ki, bu şirkətin fəaliyyəti uzunmüddətli öhdəliklər üzərində qurulmadığı üçün onun apardığı əməliyyatları məhdudlaşdırmağa ehtiyac görməyiblər.

Məsələ ilə bağlı MBNP-nin Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov "Report"a bildirib ki, təmsil etdiyi qurum bu məsələyə dair sabah açıqlama verəcək.  

Son xəbərlər

Orphus sistemi