​AİF növbəti 5 mln. manatlıq istiqrazlarını satışa çıxarır

​AİF növbəti 5 mln. manatlıq istiqrazlarını satışa çıxarır Məlumata görə, istiqrazların ödənmə tarixi 2024-cü ilin 21 noyabrıdır
Maliyyə
25 İyul , 2015 10:57
​AİF növbəti 5 mln. manatlıq istiqrazlarını satışa çıxarır

Bakı. 25 iyul. REPORT.AZ/ İyulun 28-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının növbəti yerləşdirilməsi həyata keçiriləcək. "Report"un AİF-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hərraca 5 mln. manat həcmində istiqraz çıxarılacaq.

İstiqrazların 100,1333 qiyməti ilə satışa çıxarılacağı və istiqrazları əldə etmək istəyən şəxslər “Bakı Fond Birjası” QSC-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilatlara müraciət etməli olduqları açıqlanıb.

Məlumata görə, istiqrazların ödənmə tarixi 2024-cü ilin 21 noyabrıdır.

Qurum təqdim edilmiş sifarişlərin təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcəyini, istiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilatın Azərbaycan Mərkəzi Bankı (AMB) olduğunu açıqlayıb.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 2014-cü ilin 30-dekabr tarixində qeydə alınıb. Emissiyanın ümumi həcmi 50 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

Məlumata görə, bu istiqrazların yerləşdirilməsinə 2015-ci ilin yanvarın 13-də başlanıb və hərraca bu günədək 26 mln. manat həcmində istiqraz yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi