Bakı. 18 avqust. REPORT.AZ/ Bu il iyulun 1-nə "AGBank" ASC-nin vaxtı keçmiş kreditləri 104,077 mln. manat təşkil edib. "Report" xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.
Məlumata görə, problemli kreditlərin 63,2%-i və yaxud 65,746 mln. manatı Bakı şəhərinin payına düşüb. Vaxtı keçmiş kreditlərin məbləğinə görə 2-ci yerdə Sumqayıt şəhəri qərarlaşıb. Burada "AGBank"ın verdiyi kreditlərin 15,069 mln. manatının ödəmə vaxtı keçib. Bu isə bütün problemli kreditlərin 14,5%-i deməkdir. Başqa sözlə, Bakı və Sumqayıt üzrə gecikmələr ümumi gecikmələrin təxminən 78%-ni təşkil edir.
Digər regionlara gəlincə isə "AGBank" Ağdaşda 5,162 mln. manat, Gəncədə 5,021 mln. manat, Salyanda 1,278 mln. manat, Göyçayda 1,126 mln. manat, Bərdədə 852 min manat, Qubada 538 min manat, Qobustanda 522 min manat məbləğində krediti vaxtında müştərilərindən geri ala bilməyib.