​"Accessbank" və ADB arasında əməkdaşlıq sənədi imzalanıb

​"Accessbank" və ADB arasında əməkdaşlıq sənədi imzalanıb Sazişə əsasən, ADB Bankın institusional inkişafı və potensialının daha da güclənməsinə dəstək verəcək
Maliyyə
5 Fevral , 2016 12:02
​Accessbank və ADB arasında əməkdaşlıq sənədi imzalanıb

Bakı. 5 fevral. REPORT.AZ/ "Accessbank" QSC Asiya İnkişaf Bankı (ADB) ilə 2018-ci ilin sonunadək çərçivə müqaviləsi imzalayıb. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.

Sazişə əsasən, ADB Bankın institusional inkişafı və potensialının daha da güclənməsina dəstək verəcək. Bu əməkdaşlıq çərçivəsində ADB iki strateji sahədə - elektron bankçılığa əsaslanan pərakəndə xidmətlərin inkişafı, eləcə də şəhər və kəndlərdə fəaliyyət göstərən kiçik və orta biznes (KOB) müştəriləri üçün qeyri-maliyyə xidmətlərinin tətbiqi istiqamətində Banka texniki yardım göstərəcək.

"ADB ilə uğurlu tərəfdaşlığımızı genişləndirməkdən məmnunuq və bu yeni razılaşmanı bizə və uzunmüddətli münasibətlərimizə göstərilən etimad kimi dəyərləndiririk. Əminəm ki, bu əməkdaşlıq sayəsində Bankımız ölkədə fəaliyyət göstərən bütün müştərilərimizin rahatlığı üçün xidmətlərini daha da təkmilləşdirəcək və məhsulların çeşidini genişləndirəcək”, - deyə "AccessBank"ın İdarə Heyətinin sədri Mixael Hofman (Michael Hoffmann) bildirib.

“Sahibkarlara dəstək məqsədi ilə ADB-nın özəl sektorda keçirdiyi əməliyyatlar çərçivəsində "AccessBank"la əməkdaşlıq etməkdən çox şadıq. Bu əməliyyatların köməyi ilə ADB xüsusən Azərbaycan regionlarında, sahibkarlara maliyyə xidmətlərinin göstərilməsinə və onların təşkilati imkanlarının genişləndirilməsinə şərait yaradır”, - deyə ADB-nın dövlət idarəçiliyi, maliyyə sektoru və ticarət məsələləri üzrə direktoru Reyner Hartel (Rainer Hartel) bildirib. 

Qeyd edək ki, "Accessbank" 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, Almaniyanın "LFS Financial Systems GmbH." konsaltinq şirkəti və "AccessHolding" tərəfindən yaradılıb. Bank Azərbaycanda aparıcı universal bank olaraq mikro və orta ölçülü biznesin maliyyələşdirilməsi ilə məşğuldur. Ölkə üzrə geniş filial şəbəkəsinə malik olan Bankda 1 800 yaxın əməkdaş çalışır və tam çeşidli xidmətlər təklif edilir.

Son xəbərlər

Orphus sistemi