ABŞ-da uçot dərəcələrinin artırılması ehtimalı minimuma enib

ABŞ-da uçot dərəcələrinin artırılması ehtimalı minimuma enib FES-in qərarı Azərbaycanın valyuta bazarına ciddi təsir göstərməyəcək
Maliyyə
16 Sentyabr , 2016 19:14
ABŞ-da uçot dərəcələrinin artırılması ehtimalı minimuma enib

Bakı. 16 sentyabr. REPORT.AZ/ ABŞ-da ötən gün açıqlanan bir sıra iqtisadi göstəricilərin proqnozlardan aşağı olması sentyabrın 20-21-də Federal Ehtiyat Sisteminin (FES) növbəti iclasında uçot dərəcələrinin artırılması ehtimallarının 9%-ə qədər geriləməsinə səbəb olub. 

"Report" "İnvesting.com" saytına istinadən xəbər verir ki, göstəricilərin açıqlanmasına qədər uçot dərəcələrini artırmaq ehtimalları 15%-ə bərabər olub. Bununla yanaşı, dekabr iclasında uçot dərəcələrinin artırılması ehtimalları da 54%-dən 50%-ə düşüb.

Qeyd edək ki, dünən açıqlanan göstəricilər fonunda avqustda pərakəndə satışların həcmi 0,1% azalma gözlənilərkən 0,3% azalıb. Bazar iştirakçıları pərakəndə satışların azalmasını iqtisadi artım tempinin zəifləməsi ilə əlaqələndirirlər. Belə ki, istehlak xərcləri ABŞ iqtisadi artımının 70%-i təşkil edir.

Lakin buna baxmayaraq, maliyyə bazarları, FES rəhbəri Yellenin avqust ayında faizlərin artırılması ehtimallarının artdığı barədə açıqlamalarını nəzərə alaraq ehtiyatlı hərəkət edir. Sərmayədarların gözləntiləri qızılın qiymətinin 1 315 dollar/unsiyaya qədər azalmasına səbəb olub. Qızılın bir maliyyə aktivi kimi heç bir gəlir gətirmədiyi üçün faizlərin yüksəlməsi halında azalması gözlənilir.

Xatırladaq ki, bu gün ABŞ-da inflyasiya göstəriciləri açıqlanacaq. Göstəricinin aylıq müqayisədə 0,1% artması və beləliklə, illik müqayisədə 0,8%-dən 1%-ə yüksəlməsi gözlənilir. Belə olarsa, DES-in gələn həftəki iclasda uçot dərəcələrini artırması ehtimalı yenidən yüksələ bilər. Belə ki, FES-in faizləri artırması üçün əsas iqtisadi hədəflərindən biri məhz inflyasiya göstəricisinin artması olub.

"Report"un analitik qrupu FES-in uçot dərəcələrini artırması halında USD/EUR məzənnəsinin 1,08 səviyyəsinə, əks halda isə 1,14 səviyyəsinə çatacağını proqnozlaşdırır. FEs-in qərarının Azərbaycanın valyuta bazarına əhəmiyyətli təsiri gözlənilmir. 

Son xəbərlər

Orphus sistemi