Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə qurumu olan “ABB-Gürcüstan” bankının aktivləri 2014-cü ilin sonuna 145,9 mln. lari (təxminən 72,95 mln. ABŞ dolları) təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 20,5% çoxdur.
"Report"un ABB-yə istinadən verdiyi xəbərə görə, bankın kredit portfeli illik müqayisədə 10,3% artaraq, cari il yanvarın 1-nə 91,8 mln. lariyə (45,9 mln. dollar) çatıb. “ABB-Gürcüstan” bankının müddətli depozitləri son bir ildə 2 dəfə artaraq 2015-ci il yanvarın 1-nə 14,75 mln. lari (7,375 mln. dollar) təşkil edib.
Ötən il ərzində Bankın məcmu kapitalı artıb və cari ilin əvvəlinə 40,7 mln. lari (20,35 mln. dollar) olub. Bankın səhmdar kapitalı hesabat dövrünün sonuna 27,5 mln. lari (13,75 mln. dollar) təşkil edib.
“ABB-Gürcüstan” 2014-ci ili 2,08 mln. lari (1,04 mln. dollar) həcmində xalis mənfəətlə başa vurub.
Qeyd edək ki, “ABB-Gürcüstan” 2006-cı ildə dövlət və vergi qeydiyyatından keçib, 2007-ci ilin fevralında Gürcüstan Milli Bankından bank əməliyyatları üçün lisenziya alıb.