​ABA-nın ekspertləri Vergilər Nazirliyinin nümayəndəsi ilə görüşüb

​ABA-nın ekspertləri Vergilər Nazirliyinin nümayəndəsi ilə görüşüb Görüşdə Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı ilə bağlı fikir mübadiləsi aparılıb
Maliyyə
24 İyun , 2016 12:42
​ABA-nın ekspertləri Vergilər Nazirliyinin nümayəndəsi ilə görüşüb

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan Banklar Assosiasiyasının (ABA) Çirkli pulların yuyulmasına (ÇPY) qarşı mübarizə və komplayens üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib. “Report”un məlumatına görə, iclasda Vergilər Nazirliyinin maliyyə institutlarında vergi əməletməsinə nəzarət şöbəsinin rəisi Səfərəli Cavadov da iştirak edib.

Ümumilikdə iclasda Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act – FATCA) ilə bağlı bank nümayəndələrinin sualları cavablandırılıb və tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ABA-nın sözügedən Ekspert Qrupunda ÇPY-ə qarşı mübarizə və komplayens üzrə Azərbaycan qanunvericiliyi, ölkənin tərəfdar çıxdığı beynəlxalq konvensiyaların tələbləri, Maliyyə Tədbirləri üzrə İşçi Qrupu – FATF-ın tövsiyələri, Bank nəzarəti üzrə Bazel Komitəsinin prinsipləri və Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin tələblərinə uyğunluq üçün görülən işlər müzakirə edilir, bu sahədə üzvlər arasında təcrübə mübadiləsi aparılır.

Həmçinin, bankların qeyd olunan istiqamətdə daxili nəzarət qaydalarının təkmillədirilməsi və unifikasiyası məsələləri müzakirə edilir, daxili nəzarətin təşkili və həyata keçirilməsi ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi imkanlarını istisna edən şəraitin yaradılması imkanlarına birlikdə baxılır, eyni zamanda bu sahədə birgə əməkdaşlıq yolları nəzərdən keçirilir.

Son xəbərlər

Orphus sistemi