​"Report": Gələn həftə dollar bahalaşacaq

​"Report": Gələn həftə dollar bahalaşacaq ABŞ-ın inflyasiya göstəriciləri fonunda avronun ucuzlaşması davam edir
Maliyyə
23 May , 2015 10:44
​Report: Gələn həftə dollar bahalaşacaq

Bakı. 23 may. REPORT.AZ/ Ötən gün dünya bazarında avronun məzənnəsi kəskin şəkildə 1,12 USD/EUR səviyyəsindən 1,10 USD/EUR-ya enib. "Report" xəbər verir ki, buna səbəb ABŞ-da açıqlanan inflyasiya göstəriciləri olub.

Apreldə inflyasiyanın baza indeksi mart ayı ilə müqayisədə ehtimal edilən 0,2 faiz bəndi əvəzində 0,3 bənd artıb. Bu xəbər uzun zamandır tərəddüdlər içində olan ABŞ-ın Federal Ehtiyat Sisteminə (FES) ölkədə uçot dərəcəsini artırmaq üçün əlavə stimul verib. Açıqlanan məlumatdan sonra, investorlar FES-in uçot dərəcəsini artıq sentyabrda artıracağına əmin olmağa başlayıb.

Avro isə əksinə, Avropa İttifaqının Riqa sammitindən gələn xəbərlər fonunda zəifləyib. Belə ki, Almaniyanın maliyyə naziri Volfqanq Şoyble Yunanıstanın xarici kreditorlarla görüşlərində ölkədə avro ilə yanaşı yeni bir "paralel" pul vahidinin də dövriyyəyə buraxılması ehtimalından danışıb. Nazir buna misal olaraq avrodan istifadə edən, amma Avropa İttifaqının üzvü olmayan Monteneqronu göstərib.

"Report" agentliyinin analitik qrupu artıq bazar ertəsi, mayın 25-də Azərbaycanda dolların rəsmi məzənnəsinin 1,0490 AZN/USD-ə qədər artacağını, avronun isə 1,1570 AZN/EUR-ya qədər ucuzlaşacağını ehtimal edir.

Son xəbərlər

Orphus sistemi