​Norveç Neft Fondu xərclərini artırır

​Norveç Neft Fondu xərclərini artırır Suveren fond tarixində ilk dəfə əsas vəsaitlərini xərcləyəcək
Maliyyə
12 May , 2016 19:34
​Norveç Neft Fondu xərclərini artırır

Bakı. 12 may. REPORT.AZ/ Norveç hökuməti 2016-cı ildə Neft Fondundan xərclərin həcminin artırılmasına qərar verib. "Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, Norveç hökumətinin suveren fondun daha çox vəsaitindən istifadə etmək istəməsinə səbəb ölkədə resessiyanın qarşısının alınması olub.

Belə ki, Norveç ilin əvvəlində Neft Fondunun xərclərini 195,2 mlrd. kron (23,8 mlrd. dollar) nəzərdə tutsa da, indi bu məbləğ 10,4 mlrd. kron (1,27 mlrd. dollar) və ya 5,3% artırılaraq 205,6 mlrd. krona (25 mlrd. dollar) çatdırılıb.

Norveç maliyyə naziri Siv Yensenin sözlərinə görə, "Hazırda hökumətin qarşısındakı ən vacib məsələ beynəlxalq rəqabətdən mənfi təsirə məruz qalan sektorlara dəstəyin artırılmasıdır". "Bu mənada təhsil sistemində və infrastruktur layihələrində xərclərin artırılması və vergilərin azaldılmasını nəzərdə tutan vergi reformu böyük əhəmiyyətə malikdir", - deyə nazir sözlərinə davam edib.

Bu il Norveç Neft Fondundan tarixində ilk dəfə xalis maliyyə vəsaitinin çıxarılması, yəni əsas vəsaitdən pul ayrılması baş tutacaq. Oktyabr ayında bu məbləğin 4,9 mlrd. kron (600 mln. dollar) olması planlaşdırılsa da, hazırda bu məbləğin həcmi 84,2 mlrd. kron (10,3mlrd. dollar) təşkil edəcəyi gözlənilir. Qeyd edək ki, Norveç iqtisadiyyatı neft qiymətlərinin azalmasından əziyyət çəkməyə davam edir. Rəsmi proqnozlara əsasən, ölkənin iqtisadi artım tempi 2016-cı ildə 1%, 2017-ci ildə isə 1,7% təşkil edəcək.

Qeyd edək ki, Norveç Neft Fondu 1998-ci ildə yaranıb. O, dünyanın ən böyük suveren fondu olub, 7 trln. kron və ya 860 mlrd. dollara yaxın vəsaitə sahibdir. Fond dünya fond birjalarındakı səhmlərin 1,3%-ni əlində saxlayır.

Son xəbərlər

Orphus sistemi