AMB xüsusi tənzimləmə rejiminin təqdimatını keçirir

AMB xüsusi tənzimləmə rejiminin təqdimatını keçirir Sabahdan başlayaraq mayın 31-nə qədər Azərbaycan Mərkəzi Bankı (AMB) xüsusi tənzimləmə rejimində iştirak üçün müraciətləri qəbul edəcək.
Maliyyə
30 Aprel , 2024 10:50
AMB xüsusi tənzimləmə rejiminin təqdimatını keçirir

Sabahdan başlayaraq mayın 31-nə qədər Azərbaycan Mərkəzi Bankı (AMB) xüsusi tənzimləmə rejimində iştirak üçün müraciətləri qəbul edəcək.

"Report" xəbər verir ki, bunu AMB-nin Baş direktoru Fərid Osmanov yeni rejimin təqdimat mərasimində bildirib.

"İstərdik ki, rəqəmsallaşma istiqamətində çalışanlar innovativ məhsulların çatdırılmasını təşviq etsinlər. Həmçinin maliyyə institutlarını, hüquqi şəxsləri innovativ məhsul və xidmətlərin təqdim edilməsində aktiv iştiraka dəvət edirik", - deyə o vurğulayıb.

AMB-nin Maliyyə texnologiyaları və innovasiyalar şöbəsinin rəisi Sahib Həsənov isə bildirib ki, xüsusi tənzimləmə rejiminə təqdim ediləcək innovativ məhsullar üçün ilk meyar məhsulun yerli bazar üçün yeni olması və maliyyə inklüzivliyini artırmasıdır: "Məhsul real rejimdə sınaqdan keçirilməsi üçün hazır olmalıdır, eləcə də qanunvericilik ilə qismən və ya tam tənzimlənməməlidir. Eyni zamanda məhsulun Azərbaycanda tətbiqi nəzərdə tutulmalıdır, o, maliyyə bazarında potensial sistem riskləri yaratmamalıdır, məhsul yetərli maliyyə, insan və infrastrukturlarına malik olmalıdır".

"Xüsusi tənzimləmə rejimi uğursuz layihələrin istehlakçılara təsirini azaldacaq və bir sıra yeni imkanlar təqdim edəcək. Bu imkanlara innovativ məhsulların bazara çıxarılması müddətinin azaldılması, investisiyaların cəlbi üçün şərait aradılması aiddir. Eyni zamanda innovativ məhsullar üçün tənzimləmə maneələrinin aradan qaldırılması, sınaq nəticəsində normativ hüquqi aktarda ediləcək dəyişikliklərin müəyyən edilməsi də bu imkanlardandır. Bir çox ölkələrdə xüsusi tənzimləmə rejimi tətbiq edilir. Burada əsas məqsəd innovativ məhsulların tətbiqi ilə maliyyə inklüzivliyinin artırılması, maliyyə sektorunda innovativ məhsulların sınaqdan keçirilməsidir. Həmçinin məqsəd məhsulların tətbiqinə dair risklərin nəzarətdə saxlanılması, tənzimləmə çərçivəsinin bazar iştirakçıları ilə birgə formalaşdırılması üçün platforma yaradılmasından ibarətdir", - deyə S.Həsənov əlavə edib.

Xatırladaq ki, AMB 2024-2026-cı illərdə “Maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində maliyyə bazarında göstərilən xidmətlərin rəqəmsallaşdırılması, həmçinin yerli bazar üçün yeni innovativ maliyyə məhsullarının təqdim olunması və bununla da ölkəmizdə maliyyə inklüzivliyinin artırılması istiqamətində davamlı tədbirlər həyata keçirməyi hədəfləyir. Bu istiqamətdə mühüm təşəbbüs olan “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası” bu il yanvarın 31-də təsdiq edilərək Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Xüsusi tənzimləmə rejimi maliyyə bazarlarında innovativ maliyyə məhsullarının məhdud çərçivədə və AMB-nin nəzarəti altında sınaqdan keçirilməsinin qaydalar toplusunu əks edir. Xüsusi tənzimləmə rejimi meyarlara uyğun gələn və test rejimində aparılan sınağının nəticəsi uğurlu olan məhsulların bazara təqdim olunması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədini daşıyır. Bu rejimin iştirakçısı innovativ maliyyə məhsulunun sınağını AMB ilə bağlanılacaq müqavilə əsasında həyata keçirəcək. Müqavilənin bağlanması zamanı sınaq müddəti 12 ay olacaq.

Xüsusi tənzimləmə rejimində iştirak etmək üçün AMB-yə “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydası”nın 4.2-ci bəndində qeyd olunan sənədləri və məlumatları xüsusi internet səhifə (sandbox.cbar.az) vasitəsilə və yaxud yazılı şəkildə təqdim etmək mümkündür.

Xüsusi tənzimləmə rejimi ilə bağlı suallar yarandığı təqdirdə [email protected] ünvanına müraciət etmək olar.

Son xəbərlər

Orphus sistemi