Rövşən Hüseynli: "Ən yaxşı qapıçı seçilsəm, bu, bütün Azərbaycanın uğuru olacaq"

Rövşən Hüseynli: "Ən yaxşı qapıçı seçilsəm, bu, bütün Azərbaycanın uğuru olacaq" Azərbaycan futzal millisinin qolkiperi Rusiyaya məğlubiyyətin səbəbini açıqlayıb
Komanda
10 Fevral , 2016 10:11
Rövşən Hüseynli: Ən yaxşı qapıçı seçilsəm, bu, bütün Azərbaycanın uğuru olacaq

Bakı. 10 fevral. REPORT.AZ/ "Oyunun belə çətin keçəcəyini gözləyirdik. Rusiya güclü komandadır, oyun təcrübələri bizdən çox üstündür. Ancaq hesabın belə olacağını gözləmirdik". Bunu "Report"a açıqlamasında futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynli Avropa çempionatının 1/4 finalında Rusiya yığmasına 2:6 hesabı ilə uduzaraq, mübarizəni dayandırdıqları oyundan sonra deyib.

O bildirib ki, 5 meydan oyunçusu ilə çıxış etdikləri vaxt buraxdıqları 4-cü top oyunun qırılma nöqtəsi olub. Amma 24 yaşlı qapıçı əsas səhvlərini daha tez qapıçısız oynamağa başlamalarında görməyib: "Oyun təcrübəmiz azdır. Bir qədər, necə deyim, həyəcanlıyıqmı, yorğunluqdumu, bilmirəm nədir. Müdafiədə səhvlərimiz var və bunun üzərində çalışmaq lazımdır. İşləmək lazımdır ki, dünya çempionatının "pley-off" mərhələsində elə səhvlər etməyək. Deməzdim ki, baş məşqçi 5-ci oyunçunu meydana tez buraxdı. Çünki Rusiya güclü müdafiə olunur və taktikaları var. Sadəcə, 5 nəfər olanda səhvimizdən qolu tez buraxdıq".

Hüseynli Avropa çempionatının ən yaxşı qapıçısı seçilmə ehtimalına da münasibət bildirib: "Seçilsəm, bu, tək mənim yox, bütün Azərbaycanın uğuru olar. Mən buna çox da inanmıram. Amma belə bir şey olsa, mənim üçün çox böyük uğur olacaq. Əsas rəqibim təbii ki, İtaliya yığmasının qapıçısı Stefano Mammarella, eləcə də İspaniya millisinin qolkiperi Pako Sedano və Rusiyadan Qustavodur. Güclü və təcrübəli qapıçılar çoxdur. Baxmayaraq ki, 24 yaşım var, adımın onların sırasında çəkilməsi mənim üçün böyük uğurdur".

Qapıçı proqnoz da verib. O, İspaniya yığmasının çempion olacağını açıqlayıb.

Qeyd edək ki, Rövşən Hüseynli Avropa çempionatında top qurtarışlarının sayına görə rekordçudur. O, qrup mərhələsində İtaliya ilə oyunun ilk yarısında 15 zərbəni dəf edib. 

Son xəbərlər

Orphus sistemi