Azərbaycanın otüstü hokkey yığmasının üzvləri federasiya önündə aksiya keçiriblər

Azərbaycanın otüstü hokkey yığmasının üzvləri federasiya önündə aksiya keçiriblər Onlar iyulun 1-dən maaşlarını almadıqlarını bildiriblər
Komanda
12 Noyabr , 2015 17:30
Azərbaycanın otüstü hokkey yığmasının üzvləri federasiya önündə aksiya keçiriblər

Bakı. 12 noyabr. REPORT.AZ/ Bu gün otüstü hokkey üzrə Azərbaycan yığma komandalarının üzvləri və məşqçiləri federasiyanın binası qarşısında aksiya keçiriblər. "Report"un məlumatına görə, aksiyaçılar jurnalistlərə açıqlamasında bu addıma maliyyə sıxıntılarını səbəb göstəriblər. 

Onlar iyulun 1-dən maaş almadıqlarını bildiriblər. Aksiyaçıların sözlərinə görə, federasiya rəhbərliyinə şikayət olunsa da, hələ heç bir nəticə yoxdur. Digər tərəfdən, qadınlardan ibarət yığma komanda Dünya Hokkey Liqasının 3-cü mərhələsinə yollanmadığı üçün beynəlxalq qurum tərəfindən cərimələnib. Cari ilin sonuna qədər cərimə ödənməsə, Azərbaycanın bütün nəticələri ləğv olunacaq və yığmalar reytinq siyahısından çıxarılacaq.

Məsələ ilə bağlı Azərbaycan Otüstü Hokkey Federasiyasının mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyev "Report"a açıqlamasında məşqçi və idmançıların maaş almadıqlarını təsdiqləyib. O, bildirib ki, qeyd olunan tarixdən komanda üzvlərinin maaşları ödənilmir: "Onları nə qədər gözləsək də, xəbər çıxmadı. İdmançılar federasiya rəhbərliyinə də müraciət ediblər. Onlara müvafiq cavabın veriləcəyi bildirilib. Ancaq düşünürəm ki, bu, o qədər də böyük bir problem deyil. Çünki Azərbaycan idman ölkəsidir və dövlətin idmana olan qayğısı da yüksək səviyyədədir".

Federasiya rəsmisi cərimələnmələrinə də münasibət bildirib. O, qeyd edib ki, artıq 50 min İsveçrə frankı məbləğindəki cərimənin 16 mini ödənilib: "Hələ 34 min frank da ödəməliyik. Təbii ki, nəticələrin ləğv olunması və milli komandaların reytinq siyahısından çıxarılması bizə də təsir edir. Çünki biz bu reytinqi bir günə deyil, 15 il ərzində pillə-pillə yığmışıq".

Son xəbərlər

Orphus sistemi