​Azərbaycan güləşçiləri Türkiyədə keçirilən beynəlxalq turnirdə 8 medal qazanıblar

​Azərbaycan güləşçiləri Türkiyədə keçirilən beynəlxalq turnirdə 8 medal qazanıblar Yığma turniri 1 qızıl, 1 gümüş və 6 bürünc medalla başa vurub
Komanda
7 Fevral , 2016 22:22
​Azərbaycan güləşçiləri Türkiyədə keçirilən beynəlxalq turnirdə 8 medal qazanıblar

Bakı. 7 fevral. REPORT.AZ/ Azərbaycan sərbəst güləşçiləri Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 44-cü beynəlxalq turnirdə 8 medal qazanıblar.

"Report"un məlumatına görə, son yarış günündə yığma üzvləri 1 qızıl və 2 bürünc medala sahib olub.

86 kq. çəki dərəcəsində mübarizə aparan Aleksandr Qostiyev qızıl, Həmzət Osmanov bürünc medala yiyələnib. Hər iki güləşçimiz medal görüşlərində Türkiyə təmsilçilərinə qalib gəlib. 65 kq. çəkidəki Hacı Əliyev 1/4 final qarşılaşmasında puerto-rikolu Matos Qomeslə görüşdə rəqibin qaydalara zidd fəndə yol verməsi ilə zədələnsə də, görüşü qələbə ilə başa vura bilib. Yarımfinalda Türkiyə təmsilçisi Mustafa Kaya ilə görüşü isə o, zədə səbəbindən davam etdirə bilməyib. Bu çəkidə Ağahüseyn Mustafayev təsəlliverici görüşdə qalib gəldikdən sonra bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Mustafayev son görüşdə komanda yoldaşı Hacı Əliyevlə qarşılaşmalı idi. Ancaq zədəsi Əliyevin görüşə çıxmasına mane olub. Bununla da Mustafayev bürünc medala sahib olub.

Qeyd edək ki, ilk iki yarış günündə Hacımurad Ömərov (70 kq) gümüş, Mahir Əmiraslanov, Giorgi Edişeraşvili (hər ikisi 57 kq), Gitinomaqomed Hacıyev (70 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) bürünc medal qazanıb.

Beləliklə, Azərbaycan yığması turniri ümumilikdə 1 qızıl, 1 gümüş və 6 bürünc medalla başa vurub və komanda hesabında Türkiyə və Monqolustandan sonra üçüncü olub.

Görüşlərin idarə edilməsində ölkəni beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edib.

Son xəbərlər

Orphus sistemi