Bakı. 23 sentyabr. REPORT.AZ/ AFFA Slovakiya Futbol Federasiyasına, Futzal Federasiyasına və UEFA-ya etirazını bildirib. "Report"un məlumatına görə, səbəb futzal üzrə Azərbaycan milli komandasının futbolçusunun aşağılanmasıdır.
Avropa çempionatının play-off mərhələsində iki komanda arasında Trnavada keçirilmiş cavab oyununun proqramının üz qabığında və akkreditasiya vəsiqələrinin üzərində Azərbaycan milli komandasının oyunçusunun karikaturası əksini tapıb. Karikaturanın hazırlanması və nəşri AFFA ilə razılaşdırılmayıb.
Qeyd edək ki, Slovakiya - Azərbaycan matçı 1:1 hesablı heç-heçə ilə nəticələnib. İlk matçda Azərbaycan millisi 3:1 hesabı ilə qalib gəldiyi üçün 2016-cı ildə Serbiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə yüksəlib.