“Keyfiyyət portalı”nda yeni xidmət istifadəyə verilib

“Keyfiyyət portalı”nda yeni xidmət istifadəyə verilib ​​​​​​​Azərbaycanda texniki tənzimləmə, standartlaşdırma, metrologiya və akkreditasiya sahəsində rəqəmsallaşmanın təşkili məqsədilə aprel ayının 1-dən "Keyfiyyət portalı" (e-keyfiyyet.gov.az) real rejimdə istifadəyə verilib
İnfrastruktur
1 May , 2024 15:09
“Keyfiyyət portalı”nda yeni xidmət istifadəyə verilib

Azərbaycanda texniki tənzimləmə, standartlaşdırma, metrologiya və akkreditasiya sahəsində rəqəmsallaşmanın təşkili məqsədilə aprel ayının 1-dən "Keyfiyyət portalı" (e-keyfiyyet.gov.az) real rejimdə istifadəyə verilib.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, ilkin mərhələdə portal vasitəsilə ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələrin, ölçmə vasitələrinin kalibrlənməsi haqqında sertifikatların, yoxlama və kalibrlənmə nişanlarının, yararsızlıq haqqında bildirişlərin verilməsi, o cümlədən ləğv edilməsi, inspeksiya orqanının rəylərinin verilməsi, sınaq laboratoriyalarında aparılmış tədqiq (sınaq) nəticələrinə dair protokolun verilməsi və digər aidiyyəti xidmətlər elektronlaşdırılıb.

May ayından etibarən isə "Keyfiyyət portalı"na daha bir xidmət əlavə olunur. Belə ki, mayın 1-dən etibarən ölçmə vasitələrinin idxalı və ya dövriyyəsi ilə məşğul olan, o cümlədən onları istismar edən fiziki və hüquqi şəxslər standart nümunələrin və ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatların əldə olunması üçün “Keyfiyyət portalı” vasitəsilə müraciət edə bilərlər.

Müraciətlərin elektron qaydada edilməsi sahibkarlara gömrük rəsmiləşdirməsi zamanı prosedurların sürətli həyata keçirilməsi və xidmətdən qısa müddətdə yararlanmaq imkanı təmin edəcək.

Bildirilir ki, sertifikatların verilməsi Bakı KOB evində ənənəvi qaydada həyata keçiriləcək.

Qanunvericiliyə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahələrdə tətbiq edilən standart nümunələrin və ya ölçmə vasitələrinin tipi təsdiq edilməlidir. Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi ölçmələrin obyektiv, etibarlı və müqayisə edilə bilən nəticələrinin əldə edilməsinə xidmət edir. Tip təsdiq edilərkən onların dəqiqlik göstəriciləri, yoxlamalararası intervalı və yoxlama metodikası müəyyən edilir. Qeyd edək ki, standart nümunələrin və ya ölçmə vasitələrinin tipi 5 il müddətinə verilən sertifikatla təsdiqlənir.

Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı”nın 2.15-ci bəndinə əsasən standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikat idxal zamanı gömrük orqanlarına təqdim olunmalıdır.

Son xəbərlər

Orphus sistemi