Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına "Sima" mükafatları təqdim edilib - FOTO

Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına "Sima" mükafatları təqdim edilib - FOTO Teatrda 88-ci teatr mövsümünün yekunlarına həsr olunan iclas keçirilib
İncəsənət
19 İyul , 2016 16:43
Gənc Tamaşaçılar Teatrının əməkdaşlarına Sima mükafatları təqdim edilib - FOTO

Bakı. 19 iyul. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrında iyulun 19-da 88-ci teatr mövsümünün yekunlarına həsr olunan iclas keçirilib.

"Report" xəbər verir ki, iclasda teatrın direktoru, əməkdar artist Mübariz Həmidov çıxış edib, mövsümün sona çatması münasibətilə fikir və təkliflərini bölüşüb. 

Sonra mövsüm ərzində fərqlənən teatr əməkdaşlarına “Sima” teatr mükafatı təqdim olunub. Mükafatın nominanatlarını münsiflər heyəti gizli səsvermə yolu ilə müəyyənləşdirib.

Ötən ildən fərqli olaraq, bu il nominasiyalara dəyişiklik edilib. Belə ki, bu ilki mükafatlar “ən yaxşı tamaşa”, “mövsümün ən yaxşı xarakterik obraz ifaçısı”, “mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı”, “mövsümün ən uğurlu baletmeysteri”, “mövsümün seçilən aktyoru”, “mövsümün ən məhsuldar aktyoru” “mövsümün ən məhsuldar aktrisası”, “mövsümün ən yaxşı texniki işçisi”, “mövsümün perspektivli aktyoru”, “teatrın dostu”, “mövsümün ən işgüzar əməkdaşı”, “mövsümün ən yaxşı epizodik rol ifaçısı” nominasiyası üzrə olmaqla 12 adda müəyyənləşdirilib.

Münsiflər heyətinin qərar ilə “Mövsümün ən yaxşı tamaşası" Vera Şuqrayeva və Əli Əmirlinin "Qohumlar" ”tamaşası, “Mövsümün ən yaxşı xarakterik obraz ifaçısı" əməkdar artist Atabala Səfərov, “Mövsümün ən fəal ictimaiyyətçi əməkdaşı” aktyor və Teatrın Həmkarlar İttifaqının sədri İlham Əsədov, “Mövsümün ən uğurlu baletmeysteri” Vüsal Mehrəliyev, "Mövsümün seçilən aktyoru” əməkdar artist Qurban İsmayılov, “Mövsümün ən məhsuldar aktyoru” əməkdar artist Şövqi Hüseynov, “Mövsümün ən məhsuldar aktrisası” Zümrüd Quliyeva, “Mövsümün ən yaxşı texniki işçisi” Vadim Kuskov, “Mövsümün perspektivli aktyoru” Ramil Məmmədov “Mövsümün ən işgüzar əməkdaşı” Zəminə Elbir, “Mövsümün ən yaxşı epizodik rol ifaçısı”- Elgün Yəhyayev seçilib. 

“Teatrın dostu”nominatsiyası "Milli.az" portalına verilib. 

Xalq artisti Ağaxan Salmanlı və Gənc Tamaşaçılar Teatrında nəzarətçi kimi çalışan 64 yaşlı Dürdanə Şükürovaya pul mükafatı təqdim edilib. 

Tədbirdə Gənc Tamaşaçılar Teatrının direktoru, Azərbaycanın əməkdar artisti və Kalmıkiyanın əməkdar incəsənət xadimi Mübariz Həmidovun 60 illik yubileyi münasibətilə hazırlanan slayd nümayiş etdirilib və teatrın direktorunun mövsüm ərzində gördüyü işlər yüksək qiymətləndirilib.

Sonda konsert proqramı nümayiş olunub.

Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin təsis etdiyi “Sima” mükafatı teatrın yaradıcı heyəti arasında istedadın və peşəkarlığın qiymətləndirilməsi, peşə stimulunun yaradılması, bədii dəyəri ilə (mövzusu, quruluşu, tərtibatı, ifaçısı) fərqlənən tamaşaların teatr ictimaiyyətinə təqdim edilməsi, habelə mövsüm ərzində hazırlanan ən uğurlu səhnə əsərlərinin, ayrı-ayrı ifaçıların, mövsüm ərzində fəallığı ilə seçilən teatr əməkdaşlarının mükafatlandırılması məqsədilə təsis olunub.

Mükafat ilk dəfə ötən il bir qrup teatr əməkdaşına təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi