​Yaxın günlərdə Bakıda daha iki küçə təmirdən sonra istifadəyə veriləcək

​Yaxın günlərdə Bakıda daha iki küçə təmirdən sonra istifadəyə veriləcək Şəfayət Mehdiyev və Bəxtiyar Vahabzadə küçələrində aparılan kompleks tədbirlər yekunlaşmaq üzrədir
İnfrastruktur
27 Aprel , 2015 11:19
​Yaxın günlərdə Bakıda daha iki küçə təmirdən sonra istifadəyə veriləcək

Bakı. 27 aprel. REPORT.AZ/ Bakıda həyata keçirilən kompleks tədbirlər nəticəsində daha iki küçədə aparılan təmir-tikinti işləri yaxın günlərdə yekunlaşacaq. Bu barədə "Report"a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.

Yasamal rayonu Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsindən 1,7 km-lik ərazisində təmir işləri davam etdirilir. Bu ərazidə köhnə asfalt-beton qatının üst hissəsi frez maşını ilə qaşınaraq ərazidən daşınıb, yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilir. Yol boyu səki daşlarının yenilənməsi işlərinə də başlanılıb. Zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulur, yeni yağış barmaqlıqları yerləşdirilir, kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılır və baxış qapaqları dəyişdirilir.

Eyni zamanda Yasamal rayonu Bəxtiyar Vahabzadə küçəsində də nəqliyyat vasitələrinin maneəsiz hərəkləti üçün kompleks tədbirlər həyata keçirilir. Ümumi uzunluğu 820 metr olan küçənin 3 200 kv. metr sahəsində əsaslı təmir-tikinti işləri aparılır, 7 800 kv. metr sahədə isə orta təmir işləri həyata keçirilir. Küçə boyu səki daşlarının 80%-i yenisi ilə əvəzlənir. Zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulur, yeni yağış barmaqlıqları yerləşdirilir, kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılır və baxış qapaqları dəyişdirilir. Metronun Elmlər Akademiyası stansiyasının Bakı Dövlət Universitetinin qarşısındakı yeni çıxışlarının ətrafında qazma və dolğu işləri asfaltın alt layına qədər təmin olunub.

Şəfayət Mehdiyev və Bəxtiyar Vahabzadə küçələrində aparılan kompleks tədbirlərin vaxtında yekunlaşdırılması üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin lazımi sayda texnika və canlı qüvvəsi səfərbər olunub.

Son xəbərlər

Orphus sistemi