Xəzər Dəniz Gəmiçiliyində audit aparılacaq

Xəzər Dəniz Gəmiçiliyində audit aparılacaq Bu, beynəlxalq sertifikatların alınması məqsədilə həyata keçiriləcək
İnfrastruktur
28 Sentyabr , 2015 12:53
Xəzər Dəniz Gəmiçiliyində audit aparılacaq

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də sertifikatlaşma üzrə xarici audit aparılacaq. Qurumdan "Report"a verilən məlumata görə, İnteqrasiya olunmuş İdarəetmə Sisteminin beynəlxalq idarəetmə standartlarına uyğunluğunu təsdiqləyən sertifikatların alınması məqsədilə Gəmiçilikdə xarici auditin keçirilməsi üçün müvafiq səlahiyyətli beynəlxalq qurum - Amerika Gəmiçilik Bürosuna müraciət edilib.

Sentyabrın 28-dən oktyabrın 2-dək Gəmiçiliyin aidiyyəti departamentlərində, habelə 3 tip gəmidə sertifikatlaşma üzrə xarici audit aparılacaq. Audit zamanı struktur bölmələrdə və gəmilərdə işin təşkili və sənədləşmənin beynəlxalq idarəetmə standartlarının tələblərinə uyğunluq səviyyəsinə baxış keçiriləcək, müşahidələr aidiyyəti xidmətlərlə araşdırılaraq təhlil ediləcək, Gəmiçiliyin rəhbərliyi auditin nəticələri barədə məlumatlandırılacaq.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də ISO beynəlxalq idarəetmə standartlarının tətbiqi və uyğunluq sertifikatlarının alınması istiqamətində iş görülür. Belə ki, ISO:9001-2008 (Keyfiyyətin idarə edilməsi), ISO:14001-2004 (Ekoloji menecment), ISO:50001-2011 (Enerji səmərəliliyi menecmenti) və OHSAS:18001-2007 (Peşə təhlükəsizliyi və əməyin mühafizəsinin idarə edilməsi) beynəlxalq idarəetmə standartlarının, həmçinin “Dənizçilik sahəsində əməyə dair” 2006-cı il tarixli konvensiyanın tələbləri nəzərə alınmaqla, Gəmiçilik üçün keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və enerji səmərəliliyi sahələrinə dair İnteqrasiya olunmuş İdarəetmə Sistemi işlənərək gəmilərdə tətbiq olunub.

Son xəbərlər

Orphus sistemi