​Vüsal Qasımlı: "Dəmir yolu ilə yükdaşımaların artması böyük perspektivlər vəd edir"

​Vüsal Qasımlı: "Dəmir yolu ilə yükdaşımaların artması böyük perspektivlər vəd edir" Yol vergisi və dövlət rüsumunun ləğvi tranzit daşıma şirkətləri üçün Azərbaycanı davamlı və etibarlı tərəfdaşa çevirir
İnfrastruktur
27 May , 2016 12:21
​Vüsal Qasımlı: Dəmir yolu ilə yükdaşımaların artması böyük perspektivlər vəd edir

Bakı. 27 may. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Prezidenti İlham Əliyevin mayın 26-da imzaladığı "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" və “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunlarını şərh edib. Mərkəzdən “Report”a verilən məlumata görə, dəyişikliklərə əsasən, yeni qaydaları müvafiq icra hakimiyyəti orqanı hazırlayacaq və müvafiq qaydada dəmiryolu stansiyaları və gömrük məntəqələrini müəyyənləşdirəcək təkliflərlə çıxış edəcək.

Xatırladaq ki, dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan ərazisindəki son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda və əksinə iyunun 1-dən 3 il müddətində yol vergisi və dövlət rüsumundan azaddır. 

"Əgər yük Azərbaycandakı son dəmiryolu stansiyasından avtomobil nəqliyyatı vasitəsilə ən yaxın gömrük məntəqəsinə daşınırsa, yol vergisi və dövlət rüsumundan azad olunacaq. Eyni qaydada yük gömrükdən keçdikdən sonra ən yaxın dəmiryolu stansiyasına avtomobil yolu ilə daşındıqda da yol vergisi və rüsum ödənilməyəcək. Məsələn, İrandan keçməklə Astara dəmiryolu stansiyasına çatana qədər sahibkar yükə görə əvvəllər ödədiyi yol vergisi və dövlət rüsumundan azaddır. Müqayisə üçün deyək ki, əvvəllər yol vergisi və dövlət rüsumu ödənildiyinə görə Astara gömrük məntəqəsindən Astara dəmiryolu stansiyasına qədər olan məsafədə yükün daşınma xərci artırdı. Çünki Vergi Məcəlləsinə görə, yol vergisi ölkədə qalma müddəti, yükün həcmi və oxların sayı əsasında müəyyənləşdirilir. Nəticədə, İran Astarası ilə Azərbaycan Astarası arasında 8 km-lik məsafədə daşıma xərcləri təxminən Astaradan Yalamaya qədər 500 km-lik dəmiryolu ilə daşıma xərcləri ilə müqayisə oluna biləcək bir həddə yaxınlaşmışdır. Dəyişiklikdən sonra daşıma xərclərinin azalması İran-Azərbaycan-Rusiya marşrutunun iqtisadi cəlbediciliyini daha da artıracaq. Bu isə Azərbaycanın dəmiryolu təsərrüfatı üçün əlavə maliyyə imkanları və yük dövriyyəsinin genişlənməsi deməkdir. Digər tərəfdən daşımaçılıqla məşğul olan şirkətlər də həm maliyyə, həm də vaxt resurslarına qənaət etməklə məmnun qalacaq”, - deyə V.Qasımlı bildirib.

Ekspert hesab edir ki, yol vergisi və dövlət rüsumundan azad olunma üçün 3 illik müddətin nəzərdə tutulması optimal sayılmalıdır: “Çünkü Astara (Azərbaycan)-Astara (İran) dəmir yolunun tikintisi bu müddətdə yekunlaşa bilər. İran ərazisində Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatması ilə Şimal-Cənub dəhlizi üzrə dəmiryolu əlaqəsi də tam təmin ediləcək. Lakin indidən tranzit yüklərin bu marşrut üzrə cəlb edilməsi üçün Azərbaycan dövləti İran və Rusiya ilə birlikdə fəal nəqliyyat siyasəti yürüdür. Azərbaycanda qeyd edilən daşımalar üçün yol vergisi və dövlət rüsumunun ləğv edilməsi Azərbaycanı tranzit daşıma şirkətləri üçün davamlı və etibarlı tərəfdaşa çevirir. Yeri gəlmişkən, dövlət rüsumu və yol vergisinin güzəşt edilməsi nəticəsində dövlət büdcəsinin gəlirlərinə statistik əhəmiyyəti olmayan məbləğdə təsir olacağı halda, yükdaşımaların artması daha böyük perspektivlər vəd edir”.

V.Qasımlı həmçinin yeni dəyişikliyin Naxçıvan ərazisində tətbiqinin əhəmiyyətini də açıqlayıb: “Qeyd edilməldir ki, dəyişikliklər həm də Naxçıvan ərazisində də əhəmiyyət daşıya bilər. Naxçıvanla Türkiyə arasında dəmir yolunun olmaması buna zəmin yaradır. Belə ki, Naxçıvanın Türkiyəyə ən yaxın dəmiryolu stansiyasından gömrük məntəqəsinə qədər olan ərazidə yüklərin daşınması dövlət rüsumu və yol vergisindən azad oluna bilər”. 

Son xəbərlər

Orphus sistemi