Tbilisidə MDB və Baltikyanı ölkələrin dəmir yolu nəqliyyatı rəhbərlərinin görüşü keçirilir - YENİLƏNİB

Tbilisidə MDB və Baltikyanı ölkələrin dəmir yolu nəqliyyatı rəhbərlərinin görüşü keçirilir - YENİLƏNİB Struktur rəhbərləri şuranın iclasında baxılacaq məsələləri müzakirə ediblər
İnfrastruktur
18 May , 2016 15:44
Tbilisidə MDB və Baltikyanı ölkələrin dəmir yolu nəqliyyatı rəhbərlərinin görüşü keçirilir - YENİLƏNİB

İlk xəbər saat 10:33-də verilib

Tbilisi. 18 may. REPORT. AZ/ Mayın 18-dəTbilisidə MDB və Baltikyanı Dövlətlərin Dəmir Yolu Nəqliyyatı rəhbərlərinin görüşü keçirilib.

"Report" xəbər verir ki, MDB və Baltikyanı Dövlətlərin Dəmir Yolu Nəqliyyatı Şurasının 64-cü iclası çərçivəsində keçirilən görüşdə, struktur rəhbərləri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Koordinasiya Komitəsinin iclasında vahid pəncərə sisteminin və rəqabət qabiliyyətli vahid tarif sisteminin tətbiqinə dair qəbul olunan qərarları bir daha nəzərdən keçirib, şuranın iclasında baxılacaq məsələləri müzakirə ediblər.

***

İclasda qurumun 63-cü iclasının qərarlarının icrası, 2015-ci il və 2016-cı ilin birinci rübü üzrə dəmir yolu şəbəkələrinin istismar fəaliyyəti, bu dövrlər üzrə beynəlxalq istiqamətdə sərnişin kompleksinin fəaliyyəti, 2016-2017-ci illər üçün qatarların hərəkət cədvəlinin normativləri, 2015-ci il üzrə konteynerlərin siyahıyaalınmasının yekunları təsdiq edilib.

Açılış mərasimində çıxış edən Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze regionda həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətindən danışıb, ölkəsinin dəmir yolu ilə daşımaların həcminin artmasında maraqlı olduğunu vurğulayıb. Bildirib ki, Gürcüstan və Azərbaycanın birgə təşkil etdikləri dəhliz beynəlxalq yükdaşımalarının həcminin artması üçün geniş imkanlar açır. K.Kaladze İpək Yolu layihəsinin əhəmiyyətini xüsusi qeyd edib və bildirib ki, yük daşımaları sahəsində vahid pəncərə sisteminin və vahid tarif sisteminin tətbiqi beynəlxalq daşımaların həcminin artmasında xüsusi rol oynayacaq.

Sonra çıxışlar olub, nümayəndə heyətlərinin rəhbərləri gündəlikdə duran məsələlərlə bağlı rəy və təkliflərini bildiriblər.

İclasda 2016-cı il üçün yük vaqonlarının siyahıyaalınmasına hazırlıq, 2015-ci il və 2016-cı ilin birinci rübü üzrə dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmaların vəziyyəti müzakirə olunub.

İki gün davam edəcək iclasda MDB Dövlətləri Hökumət Başçıları Şurasının 1996-cı il oktyabrın 18-də qəbul edilmiş MDB ölkələri dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasətinin müəyyən edilməsi Konsepsiyası barədə qərarının 2015-ci il üzrə yerinə yetirilməsi, Şura Müdiriyyətinin 2015-ci ildə fəaliyyətinin təmin edilməsi üçün xərclər Smetasının, Dəmir yolu administrasiyalarının İnformasiya-Hesablama Mərkəzinin 2015-ci ildə fəaliyyətinin təmin edilməsi Smetasının yerinə yetirilməsi və bu smetanın icrası üzrə yoxlamaların yekunları da əsas müzakirə mövzusu olacaq.

Bundan başqa, Şuranın fəxri fərmanları ilə təltif edilmə haqqında, Şuranın 65-ci iclasının keçirilmə tarixi, yeri və gündəliyi haqqında məsələlərə də baxılacaq.

Şuranın iclası çərçivəsində kadr və gənclər siyasəti üzrə "dəyirmi masa" və dəmir yolu rəhbərləri arasında ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Tədbirdə ümumilikdə 18 nəfər iştirak edir. Azərbaycanı bu tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. C.Qurbanov iclasda aparılan müzakirələr zamanı bəzi məsələlərə münasibət bildirib, təkliflər verib.

C.Qurbanov jurnalistlərə müsahibəsində deyib ki, MDB Dəmir Yolu Nəqliyyatı Şurasının iclası 6 aydan bir keçirilir: "Bu cür iclaslarda dəmiryolçular arasında əlaqələrin inkişafı, yükdaşıma, tariflərin tənzimlənməsi, ödənişlərin həyata keçirilməsi məsələləri diqqət mərkəzində olur. Bu iclasda biz beynəlxalq yükdaşımalarının həcminin artırılması, vahid pəncərə və vahid tarif sisteminin tətbiqi barədə məsələləri bir daha nəzərdən keçirdik. Düşünürəm ki, qəbul etdiyimiz qərarlar, tətbiq olunan yeniliklər ölkələr arasında əlaqələrin inkişafı ilə yanaşı, sosial-iqtisadi inkişafımıza da geniş imkanlar yaradacaq. Bu yeniliklər bizim üçün sahibkarlığın inkişafında da mühüm rol oynayacaq”.

"Gürcüstan Dəmir Yolu" SC-nin baş direktoru Mamuka Baxtadze isə bildirib ki, bu iclas dəmir yolu və dəniz nəqliyyatı vasitəsilə daşınmaların həcminin artırılmasında açar rolunu oynayacaq: "Bu gün Gürcüstan və Azərbaycan regionda yeganə dəhliz təşkil edib. Bu iclasda biz bir sıra mühüm qərarlar qəbul edəcək, sənədlər imzalayacağıq. Bu sənədlər iqtisadi inkişafımıza, xalqlarımızın rifah halının yaxşılaşmasına və əlaqələrimizin hərtərəfli inkişafına xidmət edəcək".

Son xəbərlər

Orphus sistemi