Şirvanda torpaq bazarında dövlət qurumlarının fəaliyyətinə dair forum keçirilib

Şirvanda torpaq bazarında dövlət qurumlarının fəaliyyətinə dair forum keçirilib Sabah analoji tədbirin Ucar şəhərində keçirilməsi planlaşdırılır
İnfrastruktur
2 İyul , 2015 18:06
Şirvanda torpaq bazarında dövlət qurumlarının fəaliyyətinə dair forum keçirilib

Bakı. 2 iyul. REPORT.AZ/ Bu gün Şirvan şəhərində "Əmlak Məsələləri Dövlət Komitəsinin torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin koordinasiyası” mövzusunda işgüzar forum keçirilib.

“Report” Komitəyə istinadən xəbər verir ki, Şirvanda keçirilən forum Salyan, Neftçala, Hacıqabul, Sabirabad və Saatlı rayonlarını əhatə edib. Eyni məzmunlu tədbir iyulun 3-də Ucar şəhərində də keçiriləcək və Ucar, Kürdəmir, Zərdab və Göyçay rayonlarını əhatə edəcək.

Forumda Komitənin Aparatı, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, yerli icra hakimiyyətləri, bələdiyyələrin və aidiyyəti dövlət qurumlarının nümayəndələri, iri torpaq mülkiyyətçiləri və istifadəçiləri iştirak edib. Bu tədbirlər Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əsasnaməsində əksini tapmış torpaq bazarının təşkili, torpaqların dövlət mühafizəsi, mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən torpaqların səmərəli istifadəsi kimi vəzifələrdən irəli gələrək keçirilir.

Tədbirin məqsədi torpaq münasibətlərinin idarə edilməsi və tənzimlənməsi, eləcə də torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi, təyinatı üzrə istifadəsi və torpaq bazarının təşkilində Komitənin fəaliyyətini aidiyyəti dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslərlə əlaqələndirmək, onların hüquq və vəzifələrini izah etmək və bu barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Forumda qarşılıqlı müzakirələr aparılıb. Yekunda Komitə ilə digər əlaqəli qurumların birgə fəaliyyəti istiqamətində həyata keçiriləcək zəruri tədbirlər nəzərdən keçirilib.

Qeyd edək ki, belə forumlar digər regionlarda da, o cümlədən Gəncə, Mingəçevir, Şamaxı, Şəki, Lənkəran, Beyləqan, Xaçmaz və Bakıda müntəzəm olaraq keçiriləcək.

Son xəbərlər

Orphus sistemi