​Şəkidə "Azərbaycanda kadastr və daşınmaz əmlakın qeydiyyatı Layihəsi" çərçivəsində tədbir keçirilib

​Şəkidə "Azərbaycanda kadastr və daşınmaz əmlakın qeydiyyatı Layihəsi" çərçivəsində tədbir keçirilib Layihə Gəncə və Şəkinin ərazisi üzrə daşınmaz əmlak haqqında elektron kadastr məlumat bazasının yaradılmasını nəzərdə tutur
İnfrastruktur
24 Fevral , 2015 16:46
​Şəkidə Azərbaycanda kadastr və daşınmaz əmlakın qeydiyyatı Layihəsi çərçivəsində tədbir keçirilib

Bakı. 24 fevral. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən Şəki şəhərində "Azərbaycanda kadastr və daşınmaz əmlakın qeydiyyatı Layihəsi" (icra fazası) çərçivəsində növbəti ictimai agahlıq tədbiri keçirilib.

Komitədən "Report"a verilən məlumata görə, tədbirdə ƏMDK, Komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) Şəki Ərazi İdarəsi, Şəki Rayon İcra Hakimiyyəti, yerli icra nümayəndələri və bələdiyyələr, o cümlədən hazırda ölçmə işlərinin aparıldığı və qarşıdakı dövrdə çöl-ölçmə işlərinin aparılacağı kəndlərin (İnçə, Zunut, Baş Laisqi, Baş Göynük, Aşağı Göynük kəndləri) icra qurumları və bələdiyyələrinin nümayəndələri, eləcə də KfW Bankı, "GFA/GCI Consortium" şirkəti, ölçmə işləri aparan şirkətlərin nümayəndələri, rayon ictimaiyyəti və mətbuat təmsilçiləri iştirak ediblər.

Gəncə şəhəri və Şəki rayonunda həyata keçirilən "Azərbaycanda kadastr və daşınmaz əmlakın qeydiyyatı Layihəsi" Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutur. Bu məqsədlə layihə ərazilərində torpaq sahələri yüksək dəqiqliyə malik müasir avadanlıqlarla ölçülür, pay torpaqları və həyətyanı sahələrin faktiki ölçüləri və sərhədləri dəqiqləşdirilir. Eləcə də ərazidəki daşınmaz əmlakların sənədləri öyrənilir. Ümumilikdə 255 min hektar ərazini əhatə edən Layihənin icrasına 2013-cü ilin oktyabrında başlanılıb və 2016-cı ilin aprelinədək layihənin yekunlaşdırılması nəzərdə tutulur. Layihə KfW Bankının maliyyə dəstəyi ilə "GFA/GCI Consortium" məsləhətçi şirkəti tərəfindən həyata keçirilir.

Tədbir zamanı bu layihə çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verilib, ekspertlər tərəfindən iştirakçılara layihənin reallaşması nəticəsində dövlət qurumları və xidmətləri, yerli biznes və əhalinin (daşınmaz əmlak sahibləri) əldə edəcəyi faydalar barədə geniş izahat verilib.

Tədbirdə qeyd edilib ki, daşınmaz əmlakla bağlı elektron kadastr bazasının yaradılması indiyədək ortaya çıxan qeyri-dəqiqliklərin aradan qalxmasına şərait yaradacaq. Ölçmə işlərinin yüksək dəqiqliklə aparılması torpaq sahələrinin sərhədlərini dəqiq (10-30 sm) müəyyən etməyə imkan verir. Layihə vasitəsilə məlumatların dəqiqləşdirilməsi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı prosesinin də təkmilləşdirilməsinə kömək edəcək. Bu, torpaq və əmlak sahiblərinə əmlaklarından daha səmərəli istifadə etmək imkanını yaradacaq, daşınmaz əmlak bazarının inkişafı və stimullaşdırılmasını təmin edəcək.

Nəhayət, daşınmaz əmlaklarla bağlı məlumatların tamamilə dəqiqləşməsi daşınmaz obyektlər üzrə əmlak vergilərinin hesablanmasına və yığılmasına imkan yaradacaq. Tədbirdə iştirakçıların çoxsaylı sualları geniş cavablandırılıb və qeyd edilən mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi