"Şamaxinka"ya avtomobillərin daxil olmasına maneə törədən təpəcik tamamilə sökülüb - FOTO

"Şamaxinka"ya avtomobillərin daxil olmasına maneə törədən təpəcik tamamilə sökülüb - FOTO Yolun genişləndirilməsi işləri yekunlaşıb
İnfrastruktur
29 Mart , 2016 16:09
Şamaxinkaya avtomobillərin daxil olmasına maneə törədən təpəcik tamamilə sökülüb - FOTO

Bakı. 29 mart. REPORT.AZ/ Quba-Bakı avtomobil yolundan Moskva prospektinin yan yolu - “Şamaxinka” deyilən əraziyə avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə daxil olmasını təmin etmək məqsədi ilə Bakı Dairəvi-1 avtomobil yolunun giriş hissəsində yerləşən torpaq təpəciyinin bir hissəsinin sökülməsi və yolun genişləndirilməsi işləri yekunlaşıb. Bu barədə "Report"a "Azəravtoyol" ASC-dən məlumat verilib.

Həmin hissədə yol 1 hərəkət zolağı enində genişləndirilib. Artıq avtonəqliyyat vasitələri manevr etmədən “Şamaxinka” deyilən əraziyə biraşa daxil ola bilirlər. Bu isə həmin hissədə nəqliyyat vasitələrinin sıxlığının azalmasına müsbət təsir edib.

Qeyd edək ki, Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2014-2018-ci illər) əsasən, Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 6-11-ci kilometrlik hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədi ilə “Azəravtoyol” ASC tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində yolun Xırdalan dairəsi istiqamətinə doğru olan hissəsinin 9-cu kilometrliyində yerləşən yerüstü piyada keçidinin dayaqlarının sökülməsi işləri aparılır. Artıq dayaqların sökülməsi, yeni dayaqların tikintisi və mövcud keçidin yeni dayaqlara doğru tikilərək uzadılması işləri başa çatıb. Hazırda yeni giriş hissənin tikintisi aparılır. İşlər tam başa çatdıqdan sonra həmin hissədə yol 5-6 metr genişlənəcək, yolun hərəkət hissəsi isə əlavə 1 hərəkət zolağı enində genişləndirilərək 4 hərəkət zolağına çatdırılacaq.

Yolun Xırdalan dairəsinə doğru olan hissəsinin də 1 hərəkət zolağı enində genişləndirilməsi işləri aparılır. Bu işlər 1 200 metrlik ərazini əhatə edəcək. Aparılacaq təmir-tikinti işləri çərçivəsində yol kənarlarında səth sularının normal kənarlaşdırılması üçün suötürücü küvetlər də tikiləcək.

Yerüstü piyada keçidinə çatmamış yolun kənarında təqribən 150 metr uzunluğunda, 10-15 metrində olan süni təpəciyin sökülməsi və yolun genişləndirilməsi işləri də tam olaraq yekunlaşdırılıb. Nəticədə bu hissədə yol daha 3 hərəkət zolağı enində genişləndirilib.

Xatırladaq ki, bundan öncə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına (2014-2018-ci illər) uyğun olaraq Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 6-9-cu kilometrlik hissəsində “Azəravtoyol” ASC tərəfindən aparılmış yenidənqurma işləri çərçivəsində yol 2-4 hərəkət zolağı enində genişləndirilib. Bu isə həmin ərazidə yaranan tıxacların xeyli azalmasına gətirib çıxarıb.

Son xəbərlər

Orphus sistemi