Şamaxıda 5 min insanı su ilə təmin edəcək subartezian quyusu qazılıb

Şamaxıda 5 min insanı su ilə təmin edəcək subartezian quyusu qazılıb Yaponiyanın "JTI" şirkəti Azərbaycanda sayca altıncı su təchizatı layihəsini həyata keçirib
İnfrastruktur
20 Sentyabr , 2016 09:37
Şamaxıda 5 min insanı su ilə təmin edəcək subartezian quyusu qazılıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Yaponiyanın "Japan Tobacco International" ("JTI") şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib. Şirkətdən "Report"a verilən məlumata görə, sayca altıncı olan layihə Şamaxı rayonunun Şəhriyar qəsəbəsində Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Şamaxı Rayon İcra Hakimiyyəti ilə birlikdə həyata keçirilib.

Açılış mərasimində çıxış edən icra başçısının birinci müavini Qasım Qasımov və MQF-nin prezidenti Rauf Zeyni layihənin əhəmiyyəti haqqında məlumat verilib, onun icrasına maliyyə dəstəyi göstərdiyinə görə "JTI" şirkətinə öz minnətdarlıqlarını bildiriblər. Daha sonra çıxış edən Yaponiya şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roberts İnapss ölkədə həyata keçirdikləri korporativ sosial məsuliyyət layihələrindən danışaraq, əhalinin içməli su ilə təminatına dəstək göstərilməsinin "JTI"-nin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. O, MQF-yə əməkdaşlığa görə təşəkkür edib və belə layihələrin davam etdiriləcəyini bildirib. Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verilib.

Qeyd edək ki, qurğunun qəsəbə və ondan kənarda yaşayan 5 000-ə qədər insanı içməli su ilə təchiz edəcəyi gözlənilir. Təxminən üç ay davam edən işlər nəticəsində subartezian quyusu qazılıb, müvafiq borular və dörd tonluq çən quraşdırılıb.

Xatırladaq ki, 2014-cü ildən başlayaraq "JTI" şirkətinin maliyyə dəstəyi ilə Şəki, Kürdəmir, Lerik, Balakənvə Yardımlı rayonlarının müxtəlif kənd və qəsəbələrində içməli su təminatı layihələri həyata keçirilib. Bu layihələrin icrası nəticəsində 25 000-ə yaxın insan içməli su ilə təmin edilib.

Son xəbərlər

Orphus sistemi