Qara Qarayev prospektinin bir hissəsi təmir edilib - VİDEO / FOTO

Qara Qarayev prospektinin bir hissəsi təmir edilib - VİDEO / FOTO Köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb
İnfrastruktur
11 İyul , 2016 17:42
Qara Qarayev prospektinin bir hissəsi təmir edilib - VİDEO / FOTO

Bakı. 11 iyul. REPORT.AZ/ Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektinin bir hissəsi (prospektin Şirin Mirzəyev və Nəsimi küçələrinin kəsişmələri arasında olan 600 m-lik hissəsi) yüksək keyfiyyətlə təmir edilərək vətəndaşların istifadəsinə verilib.

Bu barədə "Report"a "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən məlumat verilib. 

Qurumdan bildirilib ki, sözügedən hissədə zəruri olan yerlərdə piyada səkiləri bərpa olunuraraq asfaltlanıb, səkilərin və yol ayrıcının kənarlarına yeni səki daşları düzülüb. 

Xəbərə görə, köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb və yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçirilib. Bundan başqa, Şirin Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək olan hissədə 1 metr enində yeni yol ayrıcı da inşa olunub.

Hazırda Qara Qarayev prospektinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində yerləşən dairədə (Dakar meydanı) təmir-tikinti işləri həyata keçirilir. Bununla əlaqədar prospektin Nəsimi küçəsi ilə kəsişməsindən sözügedən dairəyə doğru avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılıb.

Təmir-tikinti işləri çərçivəsində prospektin Nəsimi küçəsi ilə kəsişməsindən başlayaraq Nizami rayon İcra Hakimiyyətinin qarşısından keçən, uzunluğu 715 m, eni 11 m olan köməkçi yolunda da təmir işləri bitib. Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri ("Neftçilər" metro stansiyası) arasında yerləşən uzunluğu 750 m, eni 12 m olan köməkçi yolda isə təmir işləri davam etdirilir: "Ümumiyyətlə, təmir-tikinti işləri prospektin sonuna qədər ( Babək prospektinə kimi ) 2850 m-lik hissədə davam etdiriləcək. 6 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni ortalama 24 m təşkil edir. Prospekt boyunca təqribən 15 min paqon-metrə yaxın yeni səki daşının düzülməsi, 90 min kv. m-dən artıq ərazinin asfaltlanması, Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri arasında olan hissədə yol ayrıcında ikitərəfli, Rüstəm Rüstəmov küçəsindən Babək prospektinə qədər olan hissədə isə hər bir istiqamət üzrə təktərəfli işıqlandırma dirəklərinin quraşdırılması nəzərdə tutulub".

Qeyd edək ki, təmiri yekunlaşdırılmış küçələr Mikayıl Əliyev (2.8 km), Bəkir Çobanzadə (2.3), Mehdi Abbasov (1 km), Naxçıvanski (850 m) və Nəsimi (620 m) küçələridir. Həmçinin Rüstəm Rüstəmov küçəsinin 1,3 km-lik hissəsində (M.Əliyev küç.- Q.Qarayev pr.) təmir işləri aparılaraq yekunlaşdırılıb, 700 m-lik bir hissəsində isə (Q.Qarayev pr. - Bakıxanov qəs. arası) bu istiqamətdə işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi