Prezident İlham Əliyev Göyçay rayonunda səfərdədir

Prezident İlham Əliyev Göyçay rayonunda səfərdədir Dövlət başçısı Göyçay-Ucar avtomobil yolunun açılışını edib
İnfrastruktur
6 Oktyabr , 2015 20:42
Prezident İlham Əliyev Göyçay rayonunda səfərdədir

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucara səfərini başa çatdıraraq Göyçay rayonuna gəlib.

"Report"un məlumatına görə, dövlət başçısı əvvəlcə Göyçay şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev rayonda görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, Göyçay şəhəri öz simasını sürətlə dəyişir. Xüsusilə son vaxtlar şəhərin ən görməli hissəsində yerləşən Heydər Əliyev Mərkəzinin ətrafındakı ərazidə böyük tikinti və abadlıq işləri görülüb. Mərkəzin yerləşdiyi ərazinin ümumi sahəsi 3 hektara çatdırılıb. Qısa müddətdə burada Gənclər Mərkəzi, Bayraq Meydanı və Bayraq Muzeyi, fəvvarə kompleksləri tikilib, mərkəzin qarşısında Ulu Öndərin ağ mərmərdən abidəsi ucaldılıb. Mərkəzin qarşısındakı ərazi başdan-başa abadlaşdırılıb. Burada genişmiqyaslı yaşıllaşdırma işləri görülüb.

Abidənin ətrafında yeni işıqlandırma sistemi qurulub, 500-dən artıq ağac, 10 mindən artıq gül və bəzək kolu əkilib, yaşıllıq zolağı salınıb. Parkda böyük monitor da quraşdırılıb. Burada ana və uşaq kafesi inşa edilib, uşaqlar üçün müxtəlif attraksionlar qurulub. Bir sözlə, burada rayon sakinləri və qonaqların istirahəti üçün hərtərəfli imkan yaradılıb.

Eyni zamanda, Prezident İlham Əliyev oktyabrın 6-da yenidən qurulan Göyçay-Ucar avtomobil yolunun açılışında iştirak edib.

Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov dövlət başçısına Göyçay-Ucar avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib.

Bildirilib ki, 3-cü texniki dərəcəli bu yolun uzunluğu 20 kilometrə yaxındır. Eni 12 metr olan yolda iki hərəkət zolağı var. Yol üzərində müxtəlif qovşaqlar, həmçinin bir dəmiryol körpüsü yerləşir. Bu yol Göyçay-Ucar istiqamətində avtomobillərin rahat hərəkətini təmin etməklə yanaşı, bölgədə gedən iqtisadi inkişaf proseslərinə də öz təsirini göstərəcək.

Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib.

Bu gün Azərbaycanda yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Ölkəmizin ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yolların müasir standartlar səviyyəsində tamamilə yenidən qurulması ilə yanaşı, regionları, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu cür yolların müasir səviyyədə inşası regionların inkişafına müsbət təsirini göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, həmçinin nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin bəhrəsini isə hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir.

Son xəbərlər

Orphus sistemi