Pirallahı qəsəbəsini sahillə birləşdirən körpünün tikintisi başa çatır

Pirallahı qəsəbəsini sahillə birləşdirən körpünün tikintisi başa çatır Hazırda körpüdə aşırım qurğusunun tikintisi tamamlanmaq üzrədir
İnfrastruktur
10 Noyabr , 2015 17:10
Pirallahı qəsəbəsini sahillə birləşdirən körpünün tikintisi başa çatır

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakı şəhərinin Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirəcək yeni avtomobil körpüsünün tikintisi başa çatmaq üzrədir. Layihə çərçivəsində yol ötürücüsünün dayaqları və istinad divarlarının tikintisi artıq başa çatıb. Hazırda körpüdə aşırım qurğusunun tikintisi tamamlanmaq üzrədir. Körpüdə beton işlərinin isə bu ayın sonuna kimi yekunlaşdırılması planlaşdırılır. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumata görə, Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən yol ötürücüsünün uzunluğu 710 metr, körpü hissəsinin uzunluğu isə 422 metrdir. Yanaşma yolları ilə birlikdə layihənin ümumi uzunluğu 1 300 metrdir. Körpünün dəniz suyu səviyyəsində hündürlüyü (orta aşırımda) 14 metr, hərəkət hissəsinin eni 12 metr olmaqla, ümumi eni 14 metrdir.

Yeni yol ötürücüsündə inşaat işlərinin xeyli hissəsi, daha dəqiqi 85%-i yerinə yetirilib. Bu ilin sonu-gələn ilin əvvəlində isə avtomobil körpüsünün istismara verilməsi planlaşdırılır. Körpü istismara verildikdən sonra, onun altından gəmilərin sərbəst hərəkəti də nəzərdə tutulub. Bu məqsədlə lazımi işlər artıq başa çatdırılıb.

Dəniz dalğalarının Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunu yuyub sıradan çıxarmasının qarşısını almaq, avtomobil körpüsünün tikintisini sürətləndirmək və yolətrafı zonada ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə magistralboyu sahilbərkitmə işləri də aparılaraq, yekunlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi