Pirallahı adasına körpünün tikintisi başa çatıb

Pirallahı adasına körpünün tikintisi başa çatıb Hazırda körpü ətrafında son tamamlanma işləri aparılır
İnfrastruktur
4 Oktyabr , 2016 17:09
Pirallahı adasına körpünün tikintisi başa çatıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Pirallahı adasını sahillə birləşdirən yeni avtomobil körpüsünün tikintisi artıq başa çatıb, körpü ətrafında isə son tamamlanma işləri həyata keçirilir.

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, hazırda Pirallahı qəsəbəsinə gedən kommunikasiya (rabitə, elektrik su və kanalizasiya, qaz) xətləri köçürülür və artıq bu iş yekunlaşmaq üzrədir. Kommunikasiya xətlərinin körpünün alt hissəsindən keçirilməsi üçün hər bir istiqamət üzrə xüsusi dəmir konstruksiyalar da quraşdırılıb. Kommunikasiya xətlərinin yuxarı qaldırılaraq körpünün altından keçirilməsinə səbəb isə gəmilərin rahat və maneəsiz şəkildə hərəkəti üçün xüsusi keçid hissəsinin açılmasıdır. Artıq keçid hissənin də açılmasına start verilib.

Bundan başqa, Pirallahı qəsəbəsini körpü ilə birləşdirən mövcud avtomobil yolunun da yenidən qurulmasına başlanılıb. Layihə çərçivəsində Qala-Pirallahı I texniki dərəcəli avtomobil yolunun sonundan körpünün girişinə qədər olan avtomobil yolunun 2-ci texniki dərəcəyə uyğun yenidənqurulması da nəzərdə tutulub. 730 metr uzunluğunda olan yolun eni 12 metr olacaq.

Qeyd edək ki, "Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yol üzərində körpünün tikintisi və yol boyunca sahil bərkitmə işlərinin aparılması Layihəsi" üzrə tikinti işlərinə 2012-ci ilin sentyabr ayında başlanılıb. Körpünün tikintisi illik investisiya proqramlarına uyğun olaraq mərhələli olaraq aparılıb.

Layihə çərcivəsində inşa edilmiş və Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən körpünün uzunluğu 422 metr, yanaşma yolları ilə birlikdə uzunluğu isə 1 360 metrdir. Körpünün eni 14 metr, hərəkət hissəsinin eni 12 metr, orta aşırımda dəniz səviyyəsindən hündürlüyü 11 metrdir. Körpü 9 aşırımdan ibarətdir.

Son xəbərlər

Orphus sistemi