​Neftçalada Şorkənd-Şirvanlı avtomobil yolunun tikintisinə başlanılıb

​Neftçalada Şorkənd-Şirvanlı avtomobil yolunun tikintisinə başlanılıb Avtomobil yolu Neftçalanın 21 yaşayış məntəqəsini birləşdirir
İnfrastruktur
10 Noyabr , 2015 08:48
​Neftçalada Şorkənd-Şirvanlı avtomobil yolunun tikintisinə başlanılıb

Bakı. 10 noyabr. REPORT. AZ/ Neftçalanın 21 yaşayış məntəqəsini birləşdirən Şorkənd-Beştalı-Bankə-Şirvanlı avtomobil yolunun tikintisinə başlanılıb.

"Report" xəbər verir ki, avtomobil yolu 35 il bundan öncə istifadəyə verilsə də, bu günə kimi bir dəfə də olsun əsaslı təmir edilməyib. Yol bərbad hala düşdüyündən əhali illər boyu əziyyət çəkib.

Bu problem prezident İlham Əliyevin sərəncamından sonra öz həllini tapıb. Yolun tikintisi üçün Prezidentin Ehtiyat Fondundan 6 milyon manat vəsait ayrılıb. Artıq noyabrın əvvəlindən etibarən tikinti işlərinə başlanılıb.

Tikintinin baş mühəndisi Şərəf Babazadənin sözlərinə görə, layihəyə əsasən, uzunluğu 55 kilometr olan avtomobil yolunun ümumi eni 10 metr, asfalt qalınlığı isə 10 santimetr nəzərdə tutulub.

Müasir tələblərə uyğun tikilən yolun uzun müddətli istismarını təmin etmək məqsədi ilə yol boyu müxtəlif ölçülü 76 su keçirici qurğular inşa olunacaq. Artıq yolun 48-ci və 51-ci kilometrliyində su ötürücülərinin tikintisinə başlanıb. Qısa müddətdə yolun yataq hissəsinin 10 kilometrində də bərkitmə işləri aparılıb.

Qeyd edək ki, tikinti işləri başa çatdıqdan sonra Ələt-Qazıməmməd avtomobil yolu ilə Neftçala şəhərini birləşdirən avtomobil yolu da xeyli qısalacaq. 37 min əhaliyə xidmət edəcək avtomobil yolunun tikintisi isə 18 aya başa çatacaq.

Son xəbərlər

Orphus sistemi