Milli Məclisin deputatları Bakı limanında olublar

Milli Məclisin deputatları Bakı limanında olublar Deputatlar əraziyə baxış keçiriblər
İnfrastruktur
5 Oktyabr , 2016 17:13
Milli Məclisin deputatları Bakı limanında olublar

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə və komitə üzvləri Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına səfər ediblər.

"Report"un məlumatına görə, səfər çərçivəsində Bakı limanının baş direktoru Taleh Ziyadov millət vəkillərinə yeni limanın inkişaf konsepsiyası haqqında məlumat verib və yaradılan Ələt Azad Ticarət Zonasının Azərbaycanın qeyri-neft sektorunun inkişafına və regional əməkdaşlığa, ticarət dövriyyəsinin artmasına ciddi töhfə verəcəyini qeyd edib.

Daha sonra millət vəkilləri yeni Bakı Limanında tətbiq olunan beynəlxalq standartlara uyğun prosedurlar və liman əməliyyatları ilə tanış olublar. Bundan əlavə əcnəbi sürücülərin dincəlməsi üçün yaradılmış şərait, eləcə də limanda fəaliyyət göstərən bank, poçt, sığorta və digər xidmətlər haqqında onlara ətraflı məlumat verib.

Millət vəkili Z.Səmədzadə yeni Bakı Limanının Prezident İlham Əliyevin elan etdiyi ciddi islahatlar proqramında mühüm yer tutduğunu deyib. Onun sözlərinə görə, Ələtdə yeni Bakı Limanı və Azad Ticarət Zonasının yaradılması həm Azərbaycan, həm də regional inkişafa təsir edəcək: “Yeni Bakı Limanı ətrafında nəqliyyat və logistika infrastrukturu qurulacaq. Ələt qəsəbəsinin sakinləri işlə təmin olunacaq, xidmət və logistika sahəsində çalışan mütəxəssislərə tələbat artacaq. Bütün bunlar prezident İlham Əliyevin iqtisadi və sosial siyasətinin tam mahiyyətini əhatə edərək vətəndaşların sosial rifahına müsbət təsir göstərəcək və dünyada tanınan qlobal şirkətlərin ölkəmizə sərmayə qoymasına səbəb olacaq”.

Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev 17 may 2016-cı il tarixdə Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamın icrasının təmin olunması məqsədilə 7 sentyabr 2016-cı il tarixdə məsləhətçi qismində Birləşmiş Ərəb Əmirliklərinin “DP World” şirkəti ilə müqavilə imzalanıb.

“DP World” 1985-ci ildən fəaliyyət göstərən Jəbəl Əli limanı və Sərbəst Zonası (JAFZA) üzrə daha 50 ölkədə 77 quru və dəniz terminalını idarə edir. Müqaviləyə əsasən, məsləhətçi şirkət xüsusi iqtisadi zonalara dair qanunvericiliyin təkmilləşdirilməsi, zonanın yaradılmasının iqtisadi əsaslandırılması, inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də zonada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri ilə bağlı Azərbaycan hökumətinə və Bakı Limanına məsləhətlər verəcək.

Son xəbərlər

Orphus sistemi