​Lənkərandakı qəzalı körpüyə görə ikinci alternativ yol açılıb

​Lənkərandakı qəzalı körpüyə görə ikinci alternativ yol açılıb Boladi-Zövlə yoluna tərəf hərəkəti davam etdirmək mümkündür
İnfrastruktur
14 May , 2015 17:04
​Lənkərandakı qəzalı körpüyə görə ikinci alternativ yol açılıb

Bakı. 14 may. REPORT.AZ/ Ələt-Astara-İran sərhədi avtomobil yolunun 186-cı kilometrliyində ikinci alternativ yol açılıb. Yolun ümumi uzunluğu təqribən 3 km-dir. Bakı-Masallı istiqamətində gələn nəqliyyat vasitələri Lənkəran rayonu Boladiçay üzərində yerləşən qəzalı körpüyə çatmamış sağa, Boladi-Zövlə yoluna dönərək hərəkətlərinə davam edə bilərlər. Bu barədə "Report"a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən məlumat verilib.

Boladi-Zövlə yolu ilə təqribən 500 metr irəlilədikdən sonra yeni inşa olunan Lənkəran-Masallı-Bakı avtomobil yolunda yerləşən körpüyə çıxış təmin olunub. Bu çıxışdan da istifadə edib sola hərəkət etməklə sürücülər yeni inşa olunan yolla təqribən 2 km məsafə qət edib, yenə də sola dönməklə Ələt-Astara-İran sərhədi avtomobil yoluna çıxa bilərlər. Lənkərandan Masallı-Bakı istiqamətində hərəkətdə olan nəqliyyat vasitələri də sözügedən ikinci alternativ yoldan istifadə edə bilərlər. Bu yolla nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə “Azəryolservis” tərəfindən bütün lazımi işlər həyata keçirilib.

Qeyd edək ki, Ələt-Astara-İran sərhədi avtomobil yolunun 186-cı km-də yerləşən qəzalı körpünün yanından da ötən gün axşam saatlarından çay yatağına boru düzülərək alternativ yol salınıb. Hələlik yeni salınan yolun hərəkət hissəsi eyni vaxtda yalnız bir istiqamətə hərəkətə imkan yaradır. Bu üzdən nəqliyyat vasitələrinə növbəli şəkildə sözügedən yolla hərəkət etmələrinə icazə verilir. Hazırda qəzalı körpünün yanında salınan müvəqqəti yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılır və yaxın müddət ərzində həmin yolla hər iki istiqamətə də maneəsiz hərəkət tam təmin olunacaq.

Bununla yanaşı, qəzalı vəziyyətə düşmüş körpünün aşırım tirlərinin sökülməsi işlərinə başlanılıb. Qısa müddət ərzində körpünün bərpa edilməsi planlaşdırılır.

Xatırladaq ki, Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay üzərində yerləşən körpüdə ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində mayın 12-də saat 20:00 radələrində körpünün orta aşırımında 3 ədəd aşırım tiri sınıb. Nəticədə körpü qəzalı vəziyyətə düşüb və nəqliyyatın hərəkəti körpü üzərində tam məhdudlaşdırılıb. Körpü 1961-ci ildə inşa edilib. Ümumi uzunluğu 50 metr, eni isə 7 metr olan körpü 3 aşırımdan ibarətdir. 

Son xəbərlər

Orphus sistemi