“Kütləvi çıxarış” kampaniyası artıq paytaxtda da keçiriləcək

“Kütləvi çıxarış” kampaniyası artıq paytaxtda da keçiriləcək Kampaniyanın regionlarda keçirildiyi 1 il müddətində 5 200-dən çox vətəndaşa xidmət göstərilib
İnfrastruktur
30 Oktyabr , 2015 16:16
“Kütləvi çıxarış” kampaniyası artıq paytaxtda da keçiriləcək

Bakı. 30 oktyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi “Kütləvi çıxarış” kampaniyasını regionlarla yanaşı, artıq Bakı şəhərinin sakinləri üçün onların birbaşa ünvanlarında keçirməyə başlayıb.

Komitədən “Report”a verilən məlumata görə, kampaniya çərçivəsində paytaxtda yerləşən çoxmərtəbəli binalardakı mənzil sahiblərinə ilkin hüquqmüəyyənedici sənədlər əsasında kütləvi qaydada dövlət reyestrindən çıxarışlar təqdim olunub. Bakı şəhərində ilk belə xidmətdən Səbail rayon sakinləri faydalanıb. İlk olaraq, aksiya çərçivəsində şəhərin mərkəzində yerləşən hündürmərtəbəli binanın 50-yə yaxın mənzil sahibinə dövlət reyestrindən çıxarış verilib, 100-ə yaxın sakindən mülkiyyətə dair ilkin sənədlər qəbul edilib.

Bakı şəhəri üzrə start götürən “Kütləvi çıxarış” kampaniyası qarşıdakı dövrdə paralel olaraq paytaxtın bütün rayonlarında keçiriləcək. Komitənin mobil ofisləri vasitəsilə həyata keçirilən kampaniya çərçivəsində çoxmərtəbəli binalarda yaşayan mənzil sahiblərinə xidmətlər göstəriləcək. Bu xidmətlərə dövlət reyestrindən çıxarışların təqdim olunması, eləcə də, mülkiyyətə dair sakinlərdə olan ilkin mülkiyyət sənədlərinin qəbulu aiddir. Eyni zamanda, kampaniya çərçivəsində vətəndaşlara qeydiyyatla bağlı hüquqi məsələlər izah olunur, hüquqi yardımlar göstərilir.

Kampaniya çərçivəsində yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna uyğun olaraq vətəndaşların mülkiyyət hüquqlarını təsdiq edən ilkin sənədlər əsasında çıxarışlar verilir.

Qeyd edək ki, kampaniyanın regionlarda keçirildiyi 1 il müddətində 5 200-dən çox vətəndaşa xidmətlər göstərilib. “Kütləvi çıxarış” kampaniyasının mühüm üstünlüyü xidmətlərin bilavasitə yerlərdə və ünvanlarda “bir pəncərə” prinsipi əsasında əhaliyə çatıdırılmasıdır.

Son xəbərlər

Orphus sistemi