İstanbul-Bakı və Bakı-İstanbul aviareysləri təxirə salınıb

İstanbul-Bakı və Bakı-İstanbul aviareysləri təxirə salınıb Reyslərin təxirə salınmasına səbəb İstanbulda güclü qarın yağmasıdır
İnfrastruktur
30 Dekabr , 2015 14:18
İstanbul-Bakı və Bakı-İstanbul aviareysləri təxirə salınıb

Bakı. 30 dekabr. REPORT.AZ/ “Türk Hava Yolları” (THY) aviaşirkətinin İstanbul-Bakı və əks istiqamətdə yerinə yetirilməli olan iki mütəmadi reysi təxirə salınıb.

THY-nin Bakı ofisindən “Report”a verilən məlumata görə, dekabrın 31-də TK0333 və TK0332 reyslərinin təxirə salınmasına səbəb İstanbulda güclü qarın yağmasıdır. Təbii hadisə İstanbuldan Bakıya saat 08:15-də və Bakıdan İstanbula saat 15:50-də həyata keçirilməli olan reyslərin yerinə yetirilməsinə əngəl olub.

“Havanın kəskin pisləşməsi səbəbindən yanvarın 1-də saat 20:55-də olacaq reys də təxirə düşüb. Təxirə salınmış İstanbul-Bakı və Bakı-İstanbul aviareyslərinə bilet alan şərnişinlər hava şəraiti sabitləşdikdən sonra növbəti reyslərlə uça biləcəklər. Bu günə bileti olan sərnişinlər əvvəlcədən xəbərdarlıq olunduğu üçün əvvəlki reyslərlə yola salınıb. Sabaha bileti olanlar isə hava düzələndən sonra yola salınacaq”, - deyə şirkətdən bildirilib.

Bakıdan sözügedən marşrut üzrə şirkət həftə içi hər gün 5 uçuş (bunlardan 4-ü Atatürk, 1-i isə Sabiha Gökçən hava limanına) həyata keçirir. Bu istiqamət üzrə biletin qiyməti bir tərəfə 256 manat, hər iki istiqamətdə isə 307 manatdan başlayır.

Azərbaycan Hava Yolları” QSC-nin mətbuat katibi Paşa Kəsəmənski “Report”a bildirib ki, şirkət bu istiqamətdə olan reyslərini təxirə salmayıb: “Bu gün, indiyə qədər nəzərdə tutulan reyslərimizin heç biri təxirə salınmayıb və uçuşların həyata keçirilməsində heç bir problem yaranmayıb. Sabaha nəzərdə tutulan reyslərin təxirə salınması üçün hələ ki ciddi əngəl yoxdur”.

AZAL bu istiqamətdə həftənin bütün günləri (gündə 5 reys olmaqla) uçuşlar həyata keçirir.

Qeyd edək ki, kəskin hava şəraiti ilə əlaqədar olaraq İstanbulun Atatürk və Sabiha Gökçən hava limanlarına dekabrın 30-31-nə olan bütün aviareysləri təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi