İnşaatçılar prospektində nəqliyyatın hərəkət qaydaları dəyişdirilib

İnşaatçılar prospektində nəqliyyatın hərəkət qaydaları dəyişdirilib “Statistika” dairəsinə doğru hərəkət edən nəqliyyat vasitələri birbaşa İnşaatçılar prospektindəki dairəyə daxil olacaq
İnfrastruktur
25 Aprel , 2015 13:32
İnşaatçılar prospektində nəqliyyatın hərəkət qaydaları dəyişdirilib

Bakı. 25 aprel. REPORT.AZ/ Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC Bakı şəhərinin İnşaatçılar prospektində Dövlət Statistika Komitəsinin qarşısındakı dairədə nəqliyyat vasitələrinin hərəkətində müəyyən dəyişikliklər edib. Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İnşaatçılar prospektində yerləşən dairəyə Naxçıvani küçəsindən hərəkət edən nəqliyyat vasitələri İnşaatçılar və N.Nərimanov prospektindən gələn nəqliyyat vasitələrinə yol vermədən dairəyə daxil olmağa çalışırdılar. Yeni dəyişikliyə əsasən, Naxçivani və Abdulla Şaiq küçələrindən “Statistika” dairəsinə doğru hərəkət edən nəqliyyat vasitələri birbaşa İnşaatçılar prospektindəki dairəyə daxil olaraq, sıxlıq yaratmayacaq.

Qurum bunun üçün prospektdə səki daşları ilə əhatə olunan təhlükəsizlik adacığı quraşdırıb və təhlükəsizlik adacığın içərisində yaşıllıq zonası salıb.

Məlumata əsasən, bundan sonra həmin nəqliyyat vasitələri ancaq düzünə - İnşaatçılar prospektinə daxil olaraq “Hyatt Regency” hoteli istiqamətində və sağa dönərək Bəsti Bağırova küçəsi ilə hərəkətinə davam edə biləcək. Bu da yalnız İnşaatçılar prospekti ilə hərəkətdə olan nəqliyyat vasitələrinə yol verdikdən sonra mümkün olacaq.

Naxçıvani küçəsindən gələrək İnşaatçılar prospekti, Dövlət Statistika Komitəsinin qarşısında yerləşən dairəyə daxil olmaq istəyən nəqliyyat vasitələri sola - Abdulla Şaiq küçəsinə dönməlidir. Küçədə “Azəryolservis” tərəfindən N.Nərimanov prospektinə çıxış təmin olunub.

İnşaatçılar prospekti “Hyatt Regency” hoteli tərəfindən hərəkətdə olan nəqliyyat vasitələrinin "Statistika" dairəsində maneəsiz şəkildə hərəkəti üçün də müəyyən işlər görüldüyü deyilir. Belə ki, dairə ilə üzbəüz nişanlanma xətləri ilə çəkilmiş təhlükəsizlik adacıqlarının ölçüləri kiçildilib. Nəticədə dairə ilə adacıqlar arasındakı məsafə, yəni yolun hərəkət hissəsi bir neçə metr genişləndirilib. Artıq İnşaatçılar prospektindəki dairədə zəruri olan yerlərdə nişanlanma xətləri çəkilib və yol nişanları quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi