İlham Əliyev: "İslahatlarımız dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir"

İlham Əliyev: "İslahatlarımız dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir" "Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını 37-ci yerə layiq görüb"
İnfrastruktur
8 Oktyabr , 2016 08:05
İlham Əliyev: İslahatlarımız dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirilir

Bakı. 8 oktyabr. REPORT.AZ/ "Biz bu ilin sonuna qədər qalan bütün vəzifələri icra etməliyik, xüsusilə investisiya layihələri ilə bağlı işlər getməlidir. Dövlət investisiya proqramı icra edilməlidir. Bəzi istiqamətlər üzrə ləngimələr var, bəzi infrastruktur layihələri tam həcmdə icra edilməyib. Ona görə, - ilin sonuna qədər az vaxt qalsa da, - bu məsələlərə çox ciddi diqqət göstərilməlidir".

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda yekun nitqi zamanı deyib.

Prezident bu il çox ciddi iqtisadi islahatların aparıldığını və bu islahatların artıq öz nəticələrini verməkdə olduğunu bildirib:

"İdarəetmə istiqamətində, digər sahələrdə, ixracı stimullaşdırmaq, idxaldan asılılığı azaltmaq üçün bir çox önəmli qərar və sərəncamlar qəbul edildi, imzalandı. Beləliklə, əminəm ki, gələn il həm idxalın azalması, həm ixracın artırılması istiqamətində çox yaxşı nəticələr olacaq".

Dövlət başçısı Azərbaycanın apardığı islahatların dünyanın aparıcı iqtisadi mərkəzləri tərəfindən də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb:

"Bu yaxınlarda dünyanın bir nömrəli iqtisadi forumu - Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə dünyada 37-ci yerə layiq görmüşdü. Keçən il biz 40-cı yerdə idik, o da çox gözəl göstəricidir. Baxmayaraq ki, bu il dünyada böhran yaşanır və bizdən də yan keçməyib, Azərbaycan iqtisadiyyatı daha da yüksək qiymət alıb. Otuz yeddinci yerdə olmaq dünya miqyasında çox böyük və hesab edirəm ki, tarixi göstəricidir. MDB məkanında biz həmişə olduğu kimi, birinciyik və bu liderliyi saxlayırıq".

İclasda gələn ilin dövlət büdcəsinin müzakirə olunduğunu xatırladan İlham Əliyev, dövlət büdcəsində bütün sosial proqramların öz əksini tapmalı olduğu qeyd edib:

"Ümumiyyətlə, gəlirlərimizin azaldılmasına baxmayaraq, biz sosial sahədə tam vəsaiti təmin edirik. Heç bir sosial təşəbbüs və layihə ixtisar olunmadı. 2017-ci ildə də büdcəmiz sosialyönümlü olmalıdır və əlbəttə ki, investisiyalar üçün də kifayət qədər vəsait nəzərdə tutulmalıdır. Biz əvvəlki illərdə dövlət investisiyalarına daha çox üstünlük verirdik. Bu da təbiidir, çünki biz bir çox layihələri, xüsusilə infrastruktur layihələrini icra etməli idik. Əgər biz onları icra etməsəydik, bu gün, ümumiyyətlə, inkişafdan söhbət belə gedə bilməzdi. Nə kənd təsərrüfatı, nə turizm, nə digər sahələr inkişaf edə bilməzdi. Ona görə, dövlət investisiya qoyuluşu xüsusi əhəmiyyət daşıyırdı və biz son illər ərzində bu layihələrin bir çoxunu artıq icra etmişik. Təbii ki, 2017-ci ilin dövlət investisiya proqramı indi hazırlanır və yaxın vaxtlarda mənə təqdim ediləcək. Ancaq biz özəl sektorun investisiyalarını daha da böyük həcmdə cəlb etməliyik".

Prezident bildirib ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılıb. Onun sözlərinə görə, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar.

"Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir. Sahibkar qazandığı vəsaiti ölkə iqtisadiyyatına qoymalıdır. Bu istiqamətdə 2017-ci ildə çox ciddi addımlar atılacaq", - deyə İlham Əliyev əlavə edib.

Prezident planda dövlət investisiya layihələrinin də nəzərdə tutulduğunu vurğulayıb:

"O ki qaldı dövlət investisiya layihələrinə, onlar da nəzərdə tutulur və hesab edirəm ki, bu məqsədlər üçün kifayət qədər vəsait təmin edilməlidir. Yenə də qeyd etməliyəm ki, elektrik enerjisi, qazlaşdırma ilə bağlı əsas infrastruktur layihələri artıq icra edilib. Bir çox kənd yolları, içməli su və kanalizasiya layihələri icra edilib və edilir. Əlbəttə ki, biz həmişə olduğu kimi, sosial infrastruktur layihələrinə böyük diqqət göstərməliyik. 2017-ci ildə biz makroiqtisadi sabitliyə ciddi fikir verməliyik. İnflyasiya birrəqəmli olmalıdır. Hesab edirəm ki, biz bunu təmin edəcəyik".

Ölkənin sənaye potensialı ilə bağlı məsələyə toxunan İlham Əliyev, bu sahəyə həmişə böyük diqqət göstərildiyini qeyd edib:

"Biz həmişə olduğu kimi, bu il də ölkəmizin sənaye potensialının inkişafına böyük diqqət göstərmişik və bir neçə sənaye parkının yaradılması istiqamətində işlər gedir. Onların içində Sumqayıt Kimya Sənaye Parkını xüsusilə qeyd etmək istəyirəm. Bu yaxınlarda Sumqayıtda keçirdiyim müşavirədə parkın fəaliyyəti ilə bağlı geniş məlumat verildi. Təkrar etmək istəmirəm, ancaq bir şey demək istəyirəm ki, bu parkın tam işə düşməsi nəticəsində minlərlə, bəlkə də on minlərlə yeni iş yeri açılacaq və bizim qeyri-neft sahəsində çox böyük ixrac potensialımız yaranacaq.

Bakıda Balaxanı və Pirallahı sənaye parklarının yaradılması prosesi gedir. Hər iki istiqamət üzrə konkret layihələr var. Pirallahıda dərman istehsalı planlaşdırılır. Ümid edirəm ki, yaxın aylarda artıq birinci dərman istehsalı fabrikinin təməli də qoyulmalıdır. Biz xarici dərmanlardan demək olar ki, 100 faiz səviyyədə asılıyıq. Bu, həm təhlükəsizlik baxımından narahatedici məsələdir, eyni zamanda, dərmanların alınmasına xaricə böyük valyuta gedir. Buna görə, qərar qəbul olundu və investorlar da buna qoşuldular, yaxşı şərait yaratdıq. Azərbaycanda birinci mərhələdə 100-dən çox adda dərman preparatı istehsal olunmalıdır.

Bölgələrdə sənaye zonalarının yaradılması prosesi gedir. Artıq Neftçalada İran tərəfi ilə avtomobil zavodunun tikintisi başlamışdır. Masallıda sənaye zonasının yaradılması işi gedir. Digər rayonlarda da bu istiqamətdə işlər getməlidir".

Dövlət başçısı inşaat materialları sektoruna da böyük investisiyaların cəlb olunduğunu diqqətə çatdırıb:

"Biz inşaat materialları sektoruna böyük investisiyalar cəlb edə bilmişik. Bu sektorda dövlət investisiyaları olmayıb, ancaq həm yerli, həm xarici özəl qurumlar bu sahəyə böyük investisiyalar qoyublar. Bu investisiyalar nəticəsində biz özümüzü inşaat materialları ilə kifayət qədər böyük həcmdə təmin edirik, ancaq tam təmin etmirik. Ona görə, bizim aidiyyəti qurumlar, dövlət qurumları, İqtisadiyyat Nazirliyi, digər qurumlar baxmalıdırlar ki, Azərbaycana hansı inşaat materialları idxal olunur. Azərbaycanda həmin istehsal sahələri yaradılmalıdır və güzəştli kreditlər verilməlidir, sahibkarlar özləri də bu sahəyə daha böyük diqqət göstərməlidirlər".

Son xəbərlər

Orphus sistemi