Həftəsonu Bakının bəzi mərkəzi küçələri bağlı olacaq

Həftəsonu Bakının bəzi mərkəzi küçələri bağlı olacaq Bu, Bakıda keçiriləcək "Formula 1" yarışına hazırlıqla əlaqədardır
İnfrastruktur
12 Fevral , 2016 17:49
Həftəsonu Bakının bəzi mərkəzi küçələri bağlı olacaq

Bakı. 12 fevral. REPORT.AZ/ Bakı şəhəri Neftçilər prospektinin Azneft dairəsinin “Four Seasons” hoteli tərəfdə olan hissəsində asfalt qatının dəyişdirilməsi ilə əlaqədar aparılan təmir işləri səbəbindən fevralın 13-də şənbə günü saat 06:00-dan etibarən Niyazi küçəsinin bu dairədən İstiqlaliyyət küçəsinədək olan hissəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Bu, "Bakı Şəhər Halqası"ından (Baku City Circuit) "Report"a daxil olan məlumatda bildirilib. 

Qeyd edək ki, həmin gün həm Neftçilər prospekti, həm də İstiqlaliyyət küçəsi avtomobillərin hərəkətinə açıq olacaq. Niyazi küçəsində tətbiq olunan bu qadağa fevralın 14-də bazar günü səhər saatlarında aradan qaldırılacaq.

Digər tərəfdən, fevralın 14-də səhər saatlarından etibarən İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasında qalan hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Burada qoyulmuş məhdudiyyət fevralın 15-i səhər saatlarınadək davam edəcək.

Xatırladaq ki, yarışdan öncə salınacaq və "Formula-1"  yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar "Qran-Pri"dən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Son xəbərlər

Orphus sistemi