​Hacıqabul dəmir yolu qovşağında mülki müdafiə təlimi keçirilib

​Hacıqabul dəmir yolu qovşağında mülki müdafiə təlimi keçirilib Təlimdə Fövqəladə Hallar Nazirliyi və "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşları iştirak ediblər
İnfrastruktur
19 May , 2015 10:25
​Hacıqabul dəmir yolu qovşağında mülki müdafiə təlimi keçirilib

Bakı. 19 may. Report.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC bu gün Hacıqabul dəmir yolu stansiyasının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks mülki müdafiə təlimi keçirib. “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, bununla əlaqədar olaraq Hacıqabul dəmir yolu mülki müdafiə qovşağının rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, MM qüvvələri və şəxsi heyəti, stansiya ərazisində yerləşən digər dəmir yolu müəssisələrinin işçiləri təlimə cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallar zamanı qovşağın ərazisində yerləşən obyektlərin MM planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında MM qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərinin, MM qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi olub.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Qurban Nəzirovun və hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttiş Oqtay Abbasovun şəxsi nəzarəti ilə təşkil olunan və həyata keçirilən təlimdə qovşağın obyekt rəhbərləri və Fövqəladə Hallar Komissiyasının üzvləri, MM qüvvələri iştirak ediblər.

Hacıqabul qovşağının ərazisində keçirilən kompleks təlim həyəcan siqnalının verilməsi ilə başlayıb. Rəhbər işçilər qovşaq Mülki Müdafiə Qərargahı rəhbərinin yanında toplanıblar. Qovşaq rəhbəri, stansiyanın rəisi Rafiq Qafarov məlumat verib ki, şərti olaraq səhər saatlarında baş verən zəlzələ nəticəsində iki yük vaqonu relsdən düşüb və aşıb, xəsarət alanlar var, dirəklərin yıxılması nəticəsində elektrik naqilindən düşən qığılcımdan yanğın baş verib, stansiyanın xidməti binalarının bəzi sahələrində uçqunlar olub, uçqunlar altında qalanlar, ölənlər və yanğından zərər çəkənlər və xəsarət alanlar var.

Təlim rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün MM qüvvələrinə müvafiq göstərişlər verib. Növbəti yarana biləcək vəziyyətdə təlim iştirakçılarının vəzifələri dəqiqləşdirilib. Mühafizə manqası ərazini dərhal çəpərləyib, postlarda dayanaraq əraziyə kənar şəxslərin daxil olmaması üçün tədbirlər görüblər. Səsgücləndirici vasitəsi ilə 1-2 dəqiqə ərzində “Yanğın həyəcanı” siqnalı verilib. Kəşfiyyat manqaları müxtəlif istiqamətlərdən əraziyə daxil olaraq 3-4 yerdən nümunələr götürüb yoxladıqdan sonra manqa komandirinə, manqa komandirləri isə öz növbəsində nəticələri MM rəhbərinə məruzə edib. Müvəqqəti rabitə bərpa edilib.Yanğından mühafizə və xilasetmə manqaları əraziyə daxil olub, mövcud vasitələrlə yanğın ocaqları söndürülüb. Yaralılar ərazidən kənarlaşdırılıb, xilasetmə qrupu əraziyə daxil olub. Yaralılara ilkin tibbi yardım göstərilib və onlar xərəklə tibb məntəqəsinə aparılıblar. Bərpa manqası əraziyə yaxınlaşaraq bərpa işlərinə başlayıb. Bərpa işləri başa çatandan sonra hər bir manqa komandiri MM Qərargahı rəhbərinə məruzə edib. Təlimdən sonra keçirilən müşavirədə Hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyin MM üzrə texniki müfəttişi İsa Xudiyev çıxış edərək stansiyada MM qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

Təlimdə FHN və "Azərbaycan Dəmir Yolları" QSC-nin əməkdaşları iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi