​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri İsmayıllıda vətəndaş qəbulu keçirib

​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri İsmayıllıda vətəndaş qəbulu keçirib Qəbulda İsmayıllı, Qəbələ və Oğuz rayonlarından olan vətəndaşlar iştirak ediblər
İnfrastruktur
30 Aprel , 2016 17:41
​Əmlak Məsələləri Dövlət Komitəsinin sədri İsmayıllıda vətəndaş qəbulu keçirib

Bakı. 30 aprel. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov bu gün İsmayıllıda növbəti vətəndaş qəbulu keçirib. “Report”a Komitənin mətbuat xidmətindən bildirilib ki, K.Həsənov İsmayıllı, Qəbələ və Oğuz rayonlarından olan vətəndaşları qəbul edərək onların müraciətlərini dinləyib.

Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar iştirak ediblər. Əksəriyyəti daşınmaz əmlakın qeydiyyatına aid olan vətəndaş müraciətləri əsasən fərdi həyət evi, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilən həyətyanı torpaq sahələrinə çıxarış, texniki pasport və digər sənədlərin alınması məsələlərini əhatə edib. Qəbulda iştirak edənlərin bir qismi pay torpaqlarının, kənd təsərrüfatı təyinatlı torpaqların dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciət edib.

Eyni zamanda qəbulda torpaq sahələrinin təyinatı, kateqoriyası ilə bağlı rəylərin alınması, bir kateqoriyadan digərinə keçirilməsi, torpaqlardan təyinatına uyğun istifadə, torpaq hərraclarında iştirak məsələləri barədə də müraciətlər səsləndirilib. Bəzi müraciətlər isə vaxtilə vətəndaşlara ayrılan torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi ilə bağlı olub.

Komitə sədrinin verdiyi tapşırıqlar nəticəsində bir sıra müraciətlər qəbul günü həllini tapıb. Bəzi vətəndaş müraciətləri araşdırma tələb etdiyi üçün qeydiyyata alınıb və vətəndaşlara nəticəsi barədə məlumat veriləcəyi bildirilib.

Bütün müraciətlərə baxdıqdan sonra Komitə sədri diqqətə çatdırıb ki, vətəndaşların bu cür sorğularını nəzərə alaraq komitənin hər bir ərazi qeydiyyat idarəsində yeni hüquqi məsləhət xidmətlərinə başlanılıb və hazırda davam etdirilir.

Son xəbərlər

Orphus sistemi