​Əmlak Məsələləri Dövlət Komitəsi yeni SMS xidmətlərini təqdim edib

​Əmlak Məsələləri Dövlət Komitəsi yeni SMS xidmətlərini təqdim edib Bu, xidmət haqqının öyrənilməsi, müraciətin icra vəziyyətinin və icarə haqqı borcunun öyrənilməsi xidmətləridir
İnfrastruktur
10 Mart , 2015 12:17
​Əmlak Məsələləri Dövlət Komitəsi yeni SMS xidmətlərini təqdim edib

Bakı. 10 mart.REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) elektron və onlayn xidmətlərlə yanaşı, SMS xidmətlərini də vətəndaşların istifadəsinə verib.

“Report” xəbər verir ki, Komitə tərəfindən bu yeniliklərə həsr olunmuş “Daşınmaz əmlakla bağlı SMS xidmətlər: rahatlıq və çevikliyin təminatı” mövzusunda İctimai Təqdimat keçirilib. Komitə istifadəyə verdiyi 31 elektron xidmətin 3-ünü, eyni zamanda SMS vasitəsilə də göstərir. Bu xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi aiddir. Bununla yanaşı, vətəndaşlar mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə müvafiq məlumatlar əldə edə bilərlər.

Bilidirilib ki, daşınmaz əmlakın qeydiyyatı üçün müraciət edilərkən dövlət rüsumu ödənilir və bu rüsum dəyişməzdir. Lakin müraciət üzrə xidmət haqqı isə göstərilən xidmətin həcmindən asılı olduğu üçün icra prosesində müəyyən olunur. İcranın nəticəsi olaraq sənədlərin əldə edilməsi zamanı xidmət haqqının ödənilməsi tələb edilir. Əvvəllər xidmət haqqı barədə məlumat yalnız hazır sənəd vətəndaşa təqdim olunanda məlum olurdu. Xidmət haqqının öyrənilməsi üçün SMS xidmətin istifadəyə verilməsindən sonra isə bu məlumat artıq qeydiyyat idarəsinə gəlmədən SMS vasitəsilə əldə olunur. Həmin xidmət haqqı müvafiq banka ödənildikdən sonra qeydiyyat sənədi vətəndaşa təqdim olunur. Eyni zamanda, xidmət haqqını ərazi qeydiyyat idarələrinin özündə ödəmək üçün burada ödəmə məntəqələri (PayPoint) də quraşdırılıb.

Digər SMS xidməti daşınmaz əmlakın qeydiyyatı üçün müraciətin icra vəziyyətinin öyrənilməsinə aiddir. Vətəndaş müraciət nömrəsini 9193-ə göndərməklə müraciətin icra vəziyyəti barədə dərhal məlumat əldə edə bilir. Bu SMS-də daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müvafiq sənədin hazır olma tarixi göstərilir. Komitənin SMS xidmətlərindən istifadə üçün hər hansı qeydiyyatdan keçməyə ehtiyac yoxdur və elektron imza tələb olunmur.

ƏMDK-nin sədr müavini Rafiq Cəlilov bildirib ki, hazırda Komitənin fəaliyyət sahələri üzrə 31 elektron xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlərdən ikisi (“Kiçik dövlət müəssisələrinin (obyektlərinin) əmək kollektivi üzvlərinə güzəştli satışı” və “İxtisaslaşdırılmış pul hərraclarında sifarişlərin və sənədlərin elektron qəbulu”) bu ilin əvvəlində istifadəyə verilib. Bu il yeni elektron xidmətləri istifadəyə verməkdə məqsəd özəlləşdirmə prosesində elektron hərracların tətbiqini genişləndirməkdir: 31 elektron xidmətdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır.

İndiyədək elektron xidmətlər vasitəsilə 179 min müraciət qəbul edilib. Bununla yanaşı, ötən ildən etibarən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı mobil ofis xidmətlərinin tətbiqinə və “Kütləvi çıxarış” kampaniyasına başlanılıb. İndiyədək mobil ofislər vasitəsilə 22 mindən çox vətəndaşa qeydiyyat xidmətləri göstərilib. “Kütləvi çıxarış” kampaniyası çərçivəsində isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş mülkiyyət hüquqlarını təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilir. İndiyədək ölkə üzrə ümumilikdə 2 500-ə yaxın vətəndaş bu kampaniyadan faydalana bilib.

Son xəbərlər

Orphus sistemi