​Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlara müraciət edib

​Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlara müraciət edib Komitə daşınmaz əmlakın fərdi qiymətləndirilməsi xidmətini göstərir
İnfrastruktur
22 Fevral , 2016 11:25
​Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlara müraciət edib

Bakı. 22 fevral. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi fiziki və hüquqi şəxslərə ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın qiymətləndirilməsi xidmətini göstərir. Bu xidmətdən istifadə etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrinə müraciət etmək lazımdır. Müxtəlif müraciətlər əsasında bütün növ daşınmaz əmlakların bazar qiymətinin müəyyənləşdirilməsi həyata keçirilir.

Komitədən "Report"a verilən məlumata görə, bütün ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın qiymətləndirilməsini aparmaq və bu sahədə nəzarəti həyata keçirməyi Əmlak Məsələləri Dövlət Komitəsi icra edir: "Qiymətləndirmə işləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin peşəkar qiymətləndiriciləri tərəfindən həyata keçirilir. Bu qiymətləndiricilər bir sıra beynəlxalq qiymətləndirmə sertifikatlarına malikdirlər. Dünya Bankının xətti ilə həyata keçirilən Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində nüfuzlu beynəlxalq qiymətləndiricilərin apardığı təlimlərdə beynəlxalq sertifikatlar əldə ediblər. Belə ki, onlar dövlət xətti ilə 2 dəfə daşınmaz əmlakın qiymətləndirilməsi sahəsində uğurlu siyasət aparan Malayziyada 2014-cü və 2015-ci illərdə uzunmüddətli qiymətləndirmə təlimlərində iştirak edib və yekun müsabiqə zamanı 17 ölkə arasında 2-ci yeri tutublar".

Qiymətləndirmə prosesi milli və beynəlxalq qiymətləndirmə standartlarının tələblərinə uyğun şəkildə aparılır. Belə ki, Reyestr Xidmətində bütün növ daşınmaz əmlaklar barədə atributiv bazar məlumatlarını özündə ehtiva edən Bazar Məlumatları Bankı yaradılıb. Bu baza son 10 il ərzində bütün ölkə ərazisində rəsmi dövriyyədən keçmiş (notarial qaydada təsdiq edilən alqı-satqı müqaviləsi əsasında dövlət reyestrində rəsmi qeydiyyatdan keçmiş) daşınmaz əmlakları ehtiva edir. Bu bankda 400 mindən artıq daşınmaz əmlaklar barədə məlumat toplanıb. Həmçinin, özəl qiymətləndiricilər tərəfindən həyata keçirilən qiymətləndirmə işlərinin ekspertizası aparılır.

Xidmətdə daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı həyata keçirilən bütün əməliyyatlar üçün ödənişlər Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş tariflərə uyğun olaraq tənzimlənir. Bu əməliyyatlara qiymətləndirmənin aparılması, məlumat bankından məlumatların verilməsi, ekspertizanın aparılması aiddir. İstənilən hüquqi və fiziki şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələrinə müraciət edərək yeni yaradılmış bu xidmətdən istifadə edə bilərlər.

Son xəbərlər

Orphus sistemi