Bakı. 14 mart. REPORT.AZ/ Hazırda Azərbaycandan keçməklə mənzil başına çatdırılan yüklərin çatma müddəti 60 günə bərabərdir. Lakin aparılan danışıqlar və əldə olunacaq razılaşmalardan sonra, bu müddət 20 günə endiriləcək. "Report" xəbər verir ki, bunu "Murphy Shipping and Commercial Services Ltd." şirkətinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Şaiq Mirzəyev deyib.
Ş.Mirzəyevin sözlərinə görə, hazırda dünyada ən sərfəli 6 nəqliyyat dəhlizi var: "Son hadisələr Ukraynanın etibarlı tranzit ölkəsi kimi əhəmiyyətini itirməsinə səbəb olub. Suriyada baş verən hadisələr isə İranın tranzit əhəmiyyətinin İsrailə keçməsinə gətirib çıxarıb. Hesab edirəm ki, hazırda 6 əsas nəqliyyat dəhlizi var və onlardan ən azı 3-ü Azərbaycandan keçəcək".